Rusiyanın Qərb ölkələrində olan 300 milyard dollarlıq aktivlərinin müsadirə olunması ilə bağlı ABŞ-nin təşəbbüsü Avropa İttifaqı tərəfindən dəstəklənib.
Qeyd edək ki, bu məsələ ilk dəfə Prezident Co Bayden tərəfindən qaldırılıb, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bununla bağlı layihə hazırlayıb. Rusiyanın ABŞ-də olan aktivlərinin Ukraynanın xeyrinə müsadirə olunmasını ehtiva edən sənədin əvvəlcə Senatda, daha sonra Konqresin Nümayəndələr Palatasına müzakirəyə çıxarılması gözlənilir.
Bu gün isə Avropa İttifaqı səfirləri Avropa Komissiyasının direktivi ilə bağlı razılığa gəliblər. “AzPolitika.info” xəbər verir ki, sənədə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər ayrıca qeydə alınacaq və Avropa ölkələrinin, eləcə də Ukraynanın ehtiyacları üçün istifadə olunacaq.
“Financial Times” sənədə istinadən yazır ki, bu puldan demək olar ki, 100 faiz vergi tutulacaq və o, sonradan Aİ büdcəsinə köçürüləcək.
Söhbət hesablarında Rusiyanın 191 milyard avro dəyərində aktivlərinin bloklandığı beynəlxalq “Euroclear” platformasından gedir. Nəşr qeyd edir ki, bütün Aİ ölkələri bu haqqı təsdiqləməlidir. Eyni zamanda, sənəddə vurğulanır ki, aktivlərin müsadirəsinin özü nəzərdə tutulmur.
Bu qərar Aİ Şurasının dondurulmuş Rusiya aktivlərini yenidən investisiya etmək qərarının nəticəsi idi. 2023-cü ilin dekabrında Avropa Komissiyası onlardan əldə edilən gəlirin ayrıca hesaba yatırılmasını və demək olar ki, 100 faiz vergiyə cəlb olunmasını tələb edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər