Fevralın 7-də Azərbaycanda tarixi hadisə baş verəcək – 33 illik müstəqillik tariximizdə ilk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu seçkilər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçirilən ilk səsvermə - Zəfər seçkiləri kimi tarixə düşəcək. İndiyədək bənzəri olmayan bu tarixi hadisənin iştirakçısı və şahidi olmaq hər bir azərbaycanlı üçün qürur mənbəyi olacaq.
Bir zamanlar biz bu günü yalnız xəyal edə bilərdik. Hər bayramda “Gün o gün olsun!”la başlayan arzularımızın başında Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Əsgəranda, Zəngilanda, Ağdamda, Qubadlıda, Füzulidə, Cəbrayılda üçrəngli Azərbaycan Bayrağının dalğalanması istəyi gələrdi. İndi bu arzularımızın hamısı gerçəkləşib. Şübhəsiz ki, bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə borcluyuq.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixinə misilsiz xidmətləri ölkə başçısının tarixi qələbələri ilə bu gün yeni mərhələyə qədəm qoyub və Prezident İlham Əliyevin Azərbaycan tarixinin bənzəri olmayan müzəffər sərkərdəsi olduğunu təsdiq edib. Müasir Azərbaycan ümummilli liderin, müasir Azərbaycanın bütövləşdirilməsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dərin biliyi, zəkası, çevik qərarvermə qabiliyyəti ilə dünyanın siyasi rəhbərləri arasında ön sıralarda dayanan ölkə başçısı Azərbaycanın təkcə bugünkü qələbələrinin deyil, həm də xoşbəxt gələcəyinin memarıdır.
Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident kimi and içərkən xalqa iki mühüm vəd vermişdi: “Azərbaycan Bayrağı Qarabağın bütün kənd və şəhərlərində dalğalanacaq” və “Mən 50 milyonluq azərbaycanlıların Prezidenti olacağam”. Mübaliğəsiz demək olar ki, Müzəffər Ali Baş Komandan xalqa verdiyi bütün vədlərini yerinə yetirdi. Məhz İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan tarixi qələbədən sonra Azərbaycan xalqı, o cümlədən dünya azərbaycanlıları yumruq kimi birləşməklə qüdrətini bütün dünyaya sübut etdi.
Qarşıdan gələn seçkilərə bu fikirlərin və tarixi proseslərin fonunda baxmaq, onu qiymətləndirə bilmək böyük siyasi yetkinlik tələb edir. Fevralın 7-də keçiriləcək seçkilər xalqımızın qərarvermə, sabahını, xoşbəxt gələcəyini sözün həqiqi mənasında inşa etmə günüdür. 2023-cü ilin dekabr ayında – Dünya Azərbaycanlılarının Hərəylik Günü ilə bağlı keçirilən onlayn toplantıda 70-dən çox ölkədən olan diaspor nümayəndələrinin Prezident seçkiləri ilə bağlı "BİZ - Zəfər Yoluna Davam!" təşəbbüs qrupu yaratması da gücümüzü birləşdirə bilməyimizi, böyük millət olduğumuzu, diasporumuzun siyasi uzaqgörənliyini bir daha sübuta yetirir.
"BİZ - Zəfər Yoluna Davam!" təşəbbüs qrupunun yaradılması ideyasına və fəaliyyətinə hansı bucaqdan baxılsa, aşağıdakı mənzərə görünəcək:
-"BİZ" xaricdəki icmalarımızın ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqlik ənənəsidir;
-"BİZ" Prezident İlham Əliyevin 50 milyonluq azərbaycanlının lideri olmasına diasporun adekvat cavabıdır;
-"BİZ" fəaliyyəti şişirdilən və xaricdəki icmalarımıza uduzan erməni diasporuna ən tutarlı cavabdır;
-"BİZ" soydaşlarımızın ölkəmizin xoşbəxt gələcəyi naminə öz mövqelərini vahid platforma üzərindən bəyan edə bilməsi, vətən üçün həqiqətən də tək bir vücud olmağı bacarmalarıdır;
-"BİZ" seçki marafonunda diasporumuzun ən böyük platforması, birlik mexanizmi və birlik formuludur;
-"BİZ" Azərbaycan diasporu haqqında neqativ fikirlər formalaşdırmaq niyyətində olanlara ən tutarlı cavabdır;
-"BİZ" diasporumuzun siyasi yetkinliyinin təsdiqidir.
Xaricdəki Azərbaycan icmalarının daha geniş arealda, daha sıx birləşmə təcrübəsi 44 günlük Vətən müharibəsi dövründə müşahidə olunub. Diasporumuzun "BİZ" adı ilə birləşə bilməsi isə bu təcrübənin davamı və daha yeni mərhələsi idi. Qısa müddət ərzində "BİZ - Zəfər Yoluna Davam!" təşəbbüs qrupu ətrafında gücünü birləşdirən diaspor fəalları sosial şəbəkələr vasitəsilə təşkilatlanmağı bacardılar. Dünyanın müxtəlif qitələrində fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, bu təşkilatlarda birləşən minlərlə azərbaycanlı məktublar, bəyanatlar və videomüraciətlər vasitəsilə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevə dəstəyini qətiyyətlə bəyan etdi.
Onların arasında Cümhuriyyət qurucularının varisləri - Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlının nəvəsi, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azeri, Cümhuriyyətin daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun Türkiyədə yaşayan oğlu Nadir Vəkiloğlu və qohumu İbrahim Yıldırım, məşhur nəsillərin davamçıları - İrəvan xanının Almaniyada yaşayan nəticəsi Əmir Əli Sərdari, Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov, elm, mədəniyyət və incəsənət xadimləri - Azərbaycanın əməkdar elm xadimi, Humboldt mükafatı alan ilk azərbaycanlı, “Deans Distinguished Professor” statusuna malik professor Məsud Əfəndiyev, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşina, 1995-2021-ci illərdə Beynəlxalq Atom Enerjisi Agentliyində çalışmış məşhur alim Bəxtiyar Siracov, dünya şöhrətli azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı Xəlil Kələntər, Türkiyənin Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah Məmmədov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü Cahangir Novruzov, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Məmmədəli Ağayev, Kanadanın York Universitetinin professoru Yulduz Rəhimov, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni laureatı Eldar Əliyev, Azərbaycanın xalq artisti, “Şöhrət” ordeni laureatı, hazırda İsraildə yaşayan Tofiq Mirzəyev, Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Toğrul qızı Nərimanbəyova, vaxtilə Azərbaycandan ABŞ, Avropa və Böyük Britaniyaya köçmüş soydaşlarımız da var. Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə beynəlxalq forumda bir araya gələn Azərbaycan Diaspor Gəncləri də İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini elan etdilər.
Son illər Azərbaycan mətbuatında davamlı olaraq xaricdəki soydaşlarımızın təşkilatlanması, güclərini birləşdirmələri istiqamətində məlumatlar yayılır. Müxtəlif ölkələrdə Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan evləri, soydaşlarımızı birləşdirən Koordinasiya şuraları, həftəsonu məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və s. kimi iri layihələr barədə az qala hər bir vətəndaşımız məlumatlıdır. Dövlətimizin diaspor siyasəti, diasporumuzun təşkilatlanmasına yönəlik layihələr və ən əsası Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında söylədiyi tarixi nitqindəki tövsiyələr birliyimizi möhkəmləndirən bu cür uğurlu nəticəyə gətirib çıxarmaya bilməzdi.
Bu gün milli birliyimizi daha da möhkəmləndirən dünya azərbaycanlıları sübut edirlər ki, milli birlik, qələbə və xoşbəxt gələcək tək-tək insanların deyil, onları yaradan xalqındır. "BİZ" olmağı bacarmağımız birlikdə qazandığımız ən böyük qələbədir.
P.S. Soydaşlarımızın BİZ platformasındakı videomüraciətlərini aşağıdakı linklər vasitəsilə izləmək olar:


Şərhlər