“12 fevral tarixində Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində təmas vəziyyyətində olan Dövlət Sərhəd Xidmətinin bir hərbçisi yaralandı. Təbii ki, Ermənistan tərəfindən bu cür təxribatlar gözlənilən idi. Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, Ermənistan sülh sazişindən yayınmaq üçün atəşkəsin müxtəlif variantlarını modelləşdirəcək ki, Azərbaycan da buna cavab vermək məcburiyyətində qalacaq. Biz indi tam olaraq bunu görürük”.

Bunu hərbi ekspert Elxan Şıxəliyev ötən gün Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatı “AzPolitika.info”-ya şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Ermənistanı cəsarətlənidirən bir sıra xarici qüvvələr var: “Bu gün Fransanın sürətlə Ermənistanı silahlandırdığını görürük. Digər tərəfdən, Ermənistanda hakimiyyətə yaxın qüvvə hesab olunan “VOMA” terror təşkilatının bizimlə şərti sərhəddə fəaliyyət göstərdiyini görürük. Eyni zamanda Avropa İttifaqınn mülki missiyasının binokulla sərhədlərimizi nəzarətə götürməsi, müşahidələrin aparılması da ondan xəbər verirdi ki, Ermənistan belə bir təxribata əl atacaq. Nəticədə biz gördük ki, Ermənistan növbəti dəfə öz terrorçu fəaliyyətindən hərbçilərimizə qarşı istifadə etdi”.

“Sərhədçimizin yaralanmasından sonra Qazax istiqamətində də atəşkəs pozulub. Bunu Ermənsitanın yeni eskalasiyanı tətikləməsi kimi qiymətləndirməliyik. Ermənistanı cəsarətləndirən qüvvələr də bunda maraqlıdır. Onlar atəşkəsin pozulmasını, böyük müharibələrin olmasını istəyirlər. Rusiyanın, Fransanın və Avropa İttifaqının maraqları bu sahədə kəsişir”,-deyə ekspert əlavə edib.

E. Şıxəliyevin sözlərinə görə, Ermənistan sülh sazişini imzalamırsa, mümkün təxribatların qarşılığında məsuliyyət daşımalıdır: “Biz Ermənistanla atəşkəs vəziyyətində idik. Atəşkəs qısa zamanda sülhə çevrilə və ya lokal əməliyyatlar ola bilərdi. Biz Ermənstanın təxribatı nəticəsində atəşkəsin pozulduğunu gördük. Düşünürəm ki, silahlı qüvvələrimiz buna misli ilə adekvat qarşılıq verəcək. Çünki şərti sərhədlərimizin mühafizəsi bizim qırmızı xəttimizdir. Ermənistan hər şeyə hazır olmalıdır”.

“AzPolitika.info”