Menu

Almaniyada siyasi sığınacaq axtaranlar və miqrantlar artır

02.12.2014, 10:46
Almaniyada siyasi sığınacaq axtaranlar və miqrantlar artır

İƏİT-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) hesabatına görə, artıq 4-cü ildir ki, Almaniyaya miqrasiya artıb. Ölkədə siyasi sığınacaq axtaranların da sayı çoxalıb.

İƏİT 2013-cü ildə Almaniyaya 450 mindən çox miqrantın gəldiyini bildirib. Dekabrın 1-də İƏİT təqdim etdiyi hesabata görə, bu göstərici 2007-ci ildə gələnlərlə müqayisədə 2 dəfədən çoxdur. Bununla da, ölkə ABŞ-dan sonra ən çox miqrantın üz tutduğu 2-ci məşhur ölkəyə çevrilib. İƏİT bildirib ki, Almaniyada miqrasiya İttifaqın istənilən ölkəsi ilə müqayisədə çox yüksək templə artıb. Hesabatda bunun səbəbinin "yerdəyişmə azadlığı" olduğu bildirilir.

Aparılan araşdırmaya görə, Almaniyada miqrantların 68%-i fəal işçilərdir. Bu isə İƏİT üzvü olan 34 ölkə ilə müqayisədə çox yüksək göstəricidir. Parisdə hesabatı açıqlayan İƏİT baş katibi Angel Gurria deyib: "Ölkələr miqrantlara resurs, inteqrasiya siyasətinə isə investisiya kimi baxsalar, immiqrasiyadan faydalana bilərlər".

Siyasi sığınacaq və inteqrasiya

Hesabata görə, Almaniya həmçinin siyasi sığınacaq üçün ən çox müraciət olunan ölkədir. Ötən il siyasi sığınacaq üçün müraciət edən 550 min insanın beşdə biri Almaniyaya üz tutub. Bu müraciətlərin az hissəsi qəbul edilib.

İƏİT miqrantların əmək bazarına inteqrasiyası baxımından Almaniyadakı inkişafı təqdir edib. Buna baxmayaraq, hesabatda bildirilir ki, təhsil imkanlarının artırılması üçün çox iş görülməlidir. Miqrantların üçdə birinin alman dilində oxumaq və yazmaqla bağlı ciddi problemləri var.

Xatırladaq ki, dekabrın 1-də Berlində alman parlamentinin üzvləri gənc miqrantların təhsil imkanlarını müzakirə etmək üçün bir yerə toplaşıblar./eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol