Ordu üçün canlı qüvvə sarıdan çətinlik çəkən Ukraynada səfərbərlik haqqında qanun layihəsinə dəyişiklik ediləcək.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, qanuna məhkumluğu olanların səfərbər edilməsi ilə bağlı əlavələr edilib.
Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü, “Xalqın qulluqçusu” partiyasından olan deputat Aleksandr Fedienkonun dediyinə görə, parlamentdə həbsdən azad edilən məhkumların səfərbərliyinin qanuniləşdirilməsi təklif olunur.
Onun dediyinə görə, ağır cinayət törətməyənləri səfərbərliyə cəlb etmək olar: "Əgər bunlar ciddi qanun pozuntuları deyilsə, niyə də olmasın. Mən bunun tərəfdarıyam. Ağır cinayətlər vətənə xəyanətdir, qətldir. Təsadüfən kimisə maşınla vuranları bunlarla qarışdırmaq doğru deyil".
Ukrayna Nazirlər Kabineti yanvarın sonunda səfərbərlik haqqında qanun layihəsinin yenilənmiş variantını Radaya təqdim edib. Fevralın 7-də parlament sənədi birinci oxunuşda dəstəkləyib. Qanuna düzəlişlər fevralın 21-dək təqdim edilməli idi.
Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, polkovnik Roman Kostenkonun sözlərinə görə, səfərbərlik haqqında qanun layihəsinə artıq 2527 düzəliş təqdim edilib.
“AzPolitika.info”


Şərhlər