Sosial layihələrdə və dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakı ilə bilinən peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
"AzPolitika.info" xəbər verir ki, "SOS" MMC-nin rəhbərliyi, idarənin kollektivi və şəxsi heyəti Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksinin önünə əklil və gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Çıxış edənlər vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.


Şərhlər