Məlum olduğu kimi, artıq İsveçin NATO üzvlüyünə heç bir əngəl qalmayıb. Bu isə Rusiyanın Baltik dənizindəki mövqelərinə olduqca ciddi zərbə sayılır.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Litvanın İsveçdəki səfiri Linas Linkevicius özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, İsveçin alyansa daxil olması ilə Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Rusiya NATO-ya meydan oxumağa cəsarət etsə, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.
Linkyaviçyus vurğulayıb ki, Rusiyanın NATO-nun əhatəsində olması ilə bağlı keçmişdəki yalan iddiaları indi reallığa çevrilir.
Xatırladaq ki, İsveç Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamasından dərhal sonra - 2022-ci ilin yazında NATO-ya üzv olmaq üçün müraciət edib. Yanvar və fevral aylarında onun alyansa qoşulması blokun son iki ölkəsi - Türkiyə və Macarıstan tərəfindən də təsdiqlənib.
“AzPolitika.info”


Şərhlər