UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ”- “Bayer Leverkusen” matçına bilet almaq istəyən azarkeşlər problemlə üzləşiblər.
“AzPolitika” xəbər verir ki, buna səbəb biletin satışını təşkil edən "İticket" saytının çökməsi olub.
Belə ki, 7 mart tarixində baş tutacaq görüşün biletləri bu gün Bakı vaxtı ilə saat 12:00-da satışa çıxarılsa da, sistemdə yaranmış nasazlıq səbəbindən bilet satışı gerçəkləşməyib.

Bir neçə saat sonra “İticket” saytı rəsmi bəyanat yayaraq yüklənmə nəticəsində saytda baş verən nasazlığın aradan qaldırıldığını bildirib. Lakin bu dəfə də vətəndaşlar bilet satışı sırasında növbəti problemlə üzləşiblər. Əksər sosial şəbəkə istifadəçiləri ödəniş etdiyi halda, müvafiq bileti əldə edə bilmədiyini deyib.
Yaranmış problemlə bağlı “İticket” saytında qeyd olunan nömrə ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən tapılmayıb.
Qeyd edək ki, bu kimi problemlər zamanı adətən ödənilən məbləğ 1 ay ərzində vətəndaşın bank kartına köçürülür. Lakin futbol matçına 1 həftədən az bir vaxt qalıb. Belə olan halda mövcud problemin necə həll olunacağı qeyri- müəyyən olaraq qalır.
“AzPolitika.info”


Şərhlər