Menu

43 ölkə Navalnın ölümü ilə bağlı müstəqil təhqiqat tələb edir

05.03.2024, 11:30
43 ölkə Navalnın ölümü ilə bağlı müstəqil təhqiqat tələb edir

43 dövlət Rusiya müxalifətin mərhum lideri Aleksey Navalnının həbsxanada müəmmalı ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılmasını tələb edib.

“AzPolitika” Amerikanın "Barron's" nəşrinə istinadla xəbər verir ki, martin 4-də Avropa İttifaqının BMT-dəki nümayəndə heyətinin rəhbəri Lotte Knudsen 43 dövlət adından müstəqil təhqiqata ehtiyac olduğunu bəyan edib. 

O, qeyd edib ki, bu ölkələrin fikrincə, siyasətçinin ölümünə görə əsas məsuliyyət şəxsən Rusiya Prezidenti Vladimir Putinin üzərinə düşür.

“Rusiya beynəlxalq ictimaiyyətə Navalnının qəfil ölümünün səbəbləri ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir”, - Knudsen bildirib.

O, müxalifətçinin ölümünü Rusiyada sürətlənən və sistematik repressiyaların daha bir əlaməti adlandırıb. Rusiyanın siyasi rəhbərliyinin baş verənlərə görə məsuliyyət daşımasını tələb edib.

Bundan əlavə, Knudsen Rusiya hakimiyyətini insan hüquqlarının dinc şəkildə həyata keçirilməsinə və Ukraynadakı müharibəyə qarşı çıxdıqlarına görə saxlanılan bütün siyasi məhbusları, hüquq müdafiəçilərini, jurnalistləri və müharibə əleyhdarı fəalları azad etməyə çağırıb.

“Biz Rusiya Federasiyasını repressiv qanunvericiliyini ləğv etməyə və məhkəmə hakimiyyətindən sui-istifadəyə son qoymağa çağırırıq”, - Knudsen əlavə edib.

Bu bəyanatı imzalayan ölkələr arasında Aİ üzvləri, ABŞ, Böyük Britaniya, Ukrayna, Avstraliya, Kanada, Yeni Zelandiya və Norveç var.

Rəsmi məlumata görə, Navalnı təbii səbəblərdən ölüb. Həyat yoldaşı və yaxınları isə onun öldürüldüyünü deyirlər.

Rasim Əliyev

“Azpolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol