“Ermənistan hakimiyyəti Ukrayna ssenarisi ilə ölkəyə rəhbərlik edir, ölkəni Avropa Birliyi adlanan batan “Titanik”ə mindirməyə çalışır”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan yerli mətbuata açıqlamasında bildirib.
O, hesab edir ki, indiki hakimiyyət dövründə Moskvanın təklif etdiyi danışıqlar platforması Ermənistan üçün arzuolunan olmayacaq, çünki onlar iqtidara Rusiyanı regiondan çıxarmaq öhdəliyi ilə gəliblər: “Ermənistan hakimiyyəti ilk gündən bu istiqamətdə ardıcıl fəaliyyət göstərib və bu, xüsusilə 2020-ci il müharibəsindən sonra bu xətt özünü aydın göstərməyə başlayıb. Onlar başa düşürlər ki, əhalinin əksəriyyəti onların yanaşmalarını dəstəkləmir, çünki bu, süni gündəmdir. Hakimiyyət sadəcə olaraq Qərbin diktə etdiyi şərtləri yerinə yetirir.
Qərb Ermənistan hakimiyyətinə təzyiq göstərir ki, anti-Rusiya əhval-ruhiyyəsini gücləndirsin və Rusiyanı cavab addımları atmağa təhrik etsin. Bütün bunlar hüquqi müstəvidə addımların formalaşması üçün zəmin yaradılmasına yönəlib”.
Onun fikrincə, KTMT və Aİİ-dən çıxmaqla Rusiya ilə münasibətlərin kəsilməsi, öz növbəsində Ermənistanın Azərbaycan və Türkiyənin təzyiqlərinə məruz qalması deməkdir: “Qərbin planına görə, Rusiya bazası Ermənistandan çıxarıldıqdan sonra avropalı müşahidəçilər sülhməramlılara çevrilməli idilər. Lakin bu, Ermənistanda kifayət qədər anti-Rusiya əhval-ruhiyyəsinin olmaması səbəbindən baş vermir. Türkiyə və Azərbaycanın birdən-birə Ermənistanın təhlükəsizliyinin qarantı ola biləcəyi fikrini cəmiyyət qəbul edə bilmir. Ona görə də hakimiyyət orqanları öz öhdəliklərinin yerinə yetirilməsi üçün adekvat sürəti təmin edə bilmirlər. Bu da öz növbəsində Qərbin istəkləri ilə üst-üstə düşmür”.
“AzPolitika.info”


Şərhlər