ELM HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ - Millət vəkilinin yazısı

Etibar ƏLİYEV, millət vəkili

Orta Əsr Universitetində cəmi 4 fakültə olub: teologiya, tibb, hüquq və fəlsəfə. XIX əsrdə fəlsəfə fakültəsi iki istiqamətə ayrıldı: “Təbiət elmləri” və digər fənlərin öyrənildiyi “Humanitar elmlər”. Və beləliklə iki mədəniyyət yarandı.

Bu iki mədəniyyət bir-biri ilə vuruşmağa başladı. Bunların hər biri öz metodlarının üstünlüyündə israr edirdilər. Təbiət elmlərinin tərəfdarları daha çox emprik tədqiqatlara - hipotezaların yoxlanmasına üstünlük verirdilər.

Humanitarlar isə hesab edirdilər ki, nəsnələrin mahiyyətinə intuitiv nüfuz etməklə biliklər qazanmaq mümkündür. Bir zamanlar bütün elmlər fəlsəfənin tərkibində idi. Əslində, heç bir elm yox idi, yalnız fəlsəfə vardı və ilk filosofları müdriklər adlandırırdılar. Öz zəmanələri üçün onlar riyaziyyat, fizika, astronomiya sahələrində xeyli biliyə malik idilər, o cümlədən, fəlsəfə ilə də məşğul olurdular.

Konkret biliklər artdıqca onları bir başda saxlamaq qeyri-mümkün oldu. Və elmlər fəlsəfədən ayrılmağa başladılar. Fizika və riyaziyyat, həmçinin həndəsə ilk müstəqil elmlər oldu. Yeni dövrdə biologiya və kimya müstəqil elmlər kimi meydana gəldi. Bu proses XX əsrə qədər davam etmişdir. Fizikin, yaxud bioloqun diplomunda “Fəlsəfə doktoru” sözləri yazılır, halbuki onların artıq fəlsəfə ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, bu, həmin elmlərin uzun illər fəlsəfənin tərkibində olmasını xatırlatmaqdır. Bir çox filosoflar belə ayrılığın tərəfdarı oldular.

XIX əsrdə təbiət elmləri fakültələrinin ayrı-ayrı sahələrə ayrılması baş verdi. Fizika, kimya, geologiya, astronomiya, zoologiya, riyaziyyat və digər elmlər yarandı.

Humanitar elmlər isə fəlsəfəyə, klassik dillərə, tarix, incəsənət, musiqişünaslıq, milli dillər və ədəbiyyata şaxələndi.

Ən mürəkkəb duruma isə sosial münasibətlər haqqında elmlər düşdü. Konkret olaraq “Sosiologiya” elminin yaranmasına diqqət edək. Böyük Fransız İnqilabının yaydığı ideya bu oldu ki, siyasi dəyişikliklər təbii və davamlı xarakter daşıyır. Böyük fransız filosofu Oqyust Kont sübut etdi ki, cəmyyət də təbiət kimi dəyişməz qanunlara tabedir və “Sosiologiya” anlayışını düşündü. O, “Sosiologiya”nı pozitiv elm kimi qəbul edirdi. Əvvəlcə “Sosial fizika” terminini işlətdi. Sonra isə cəmiyyəti öyrənən elm "Sosiologiya" adlandırıldı. Maraqlıdır ki, dünyanın ən nüfuzlu ali məktəbi sayılan Massaçusets Texnologiya İnstitutunda “Sosial fizika” elmi tədris olunur.

Müasir dövrdə elmin cəmiyyətin inkişafındakı rolu danılmazdır. Bizim sivilizasiyanın strukturu güclü şəkildə dəyişmiş və dəyişməkdə davam edir. Təkcə XX əsrin kəşfləri cəmiyyətin simasını əsaslı şəkildə dəyişmişdir. Buna görə də elmin inkişafının cəmiyyətin tarixinə təsirini öyrənmək olduqca maraqlıdır. Böyük elm tarixçisi, ingilis alimi Jon Bernal haqlı olaraq elmə institut, metod, biliklərin toplanması ənənəsi, istehsalın inkişaf faktoru, sülhə, bəşəriyyətin inkişafına təkan verən faktor kimi baxırdı.

Bernal yazırdı: “Elmin inkişafının nəticəsində milyonlarla insan elmi özlərinə sənət kimi seçdilər. Özü-özündə elmin (science) bir o qədər qədim tarixi yoxdur”.

1840-cı ildə özünün “İnduktiv elmlərin fəlsəfəsi” əsərində ilk dəfə “alim” (scientist) sözünü işlədən ingilis filosofu Uilyam Uevell yazırdı: “Elmlə məşğul olan adamlara mütləq bir ad seçmək lazımdır. Mən onlara “alim” deyirəm.”

Bizim təsəvvürümüzdə bu insanlar bir-birilərindən ayrı düşüblər. Onların bir qismi qapalı laboratoriyalarda çalışır, digərləri mürəkkəb hesablamalar və isbatlarla məşğul olurlar. Onların istifədə etdikləri dili yalnız kolleqaları bilirlər. Bu cür münasibətlərə belə haqq qazandırmaq olar: aydın məsələdir ki, elm bizim gündəlik həyat tərzimizə təsir göstərərək inkişaf edir. Bununla yanaşı elmin dili bütünlüklə anlaşılmır. Elmin müxtəlif sahələrində çalışan həqiqi alimlər dərhal başa düşdülər ki, onların kəşfinin anlaşılması üçün “xüsusi dil” yaratmaq lazımdır. Alimlərin çox hissəsi isə tərcüməyə arxayınlaşıb narahat olmadılar. Elm artıq sərbəst peşəyə çevrildiyindən uzunmüddətli praktika və ciddi öyrənmə tələb edir. Elmin populyarlaşdırılması elmi ideyaların başa düşəlməsinə pəncərə açdı. Məhz populyarlaşdırma elmə marağı artırdı.

Fikrimcə, böyük alman fiziki, Nobel mükafatı laureatı Ervin Şredinger “Həyat nədir?” kitabını yazmaqla, həm də elmin populyarlaşdırılmasına yeni töhfə verdi.

Elm sahələri üzrə Nobel mükafatına layiq görülmüş böyük alimlərin elmin populyarlaşdırılması işinə qoşulmaları elmi kəşflərin anlaşılmasının yeni müstəvisini yaratdı. İndi “alim” sözü bəzən istehza ilə qarşılanır.

Böyük Azərbaycan alimi, akademik Azad Mirzəcanzadə alimləri belə təsnifatlandırırdı:

- ideya generatorları;

- ideya moderatorları (yeni elmi informasiyaların tənqidçiləri);

- ideya animatorları (ilham alanlar);

- yeni ideyaları işləyənlər;

- elm təşkilatçıları;

- Pedaqoq lektorlar.

Bizim indiki durumumuzda pedaqoq lektorlar daha çox elmimizi “təmsil” edirlər.

Oxumaq, tədqiqatlar aparmaq, elmin yeni paradiqmalarını dərindən öyrənmək isə problem olaraq qalmaqdadır. “Elmin sosiologiyası”, “Elmin fəlsəfəsi”, “Elmin tarixi” kimi fənlərin tədrisinə isə böyük ehtiyac vardır.

Alfred Nobel öz adını daşıyan mükafatı təsis etdikdən sonra elmi kəşflər populyarlaşmağa başladı. Nobel mükafatları laureatları dünya miqyasında bəşər nəslinin XX əsrdə müxtəlif elm və mədəniyyət sahələrinin ən görkəmli nümayəndələrini birləşdirən son dərəcə nüfuzlu klublardır. Bu klublara daxil olmaq həm çox asan, həm də çox çətindir. Asandır ona görə ki, Nobel mükafatları klublarında əsl demokratik ovqat hökm sürür, qapılar hamının üzünə açıqdır. Çətindir ona görə ki, seçdiyin sahədə ən böyük uğura nail olmalısan.

Böyük uğura imza atmaq üçün müasir laboratoriyaların, elmi məktəblərin yaradılması vacib şərtlərdir. Elmi adların verilməsinin keyfiyyət göstəricisi kəmiyyət göstəricisini üstələməlidir. Bəli, elm həqiqət axtarışındadır. Biz də bu yola düşməliyik. 

635x100

Şərhlər

Etibar bəyə 2024-03-27 23:30:41

görünür ki,bilmədikləriniz bildiklərinizdən dəfələrıə çoxdur

Son yazılar