“BİZ HAZIRDA QƏRBDƏN ÖZÜMÜZ ÜÇÜN TƏHLÜKƏLƏR GÖRÜRÜK" – “Azərbaycan bölgədə Rusiyanın mövqeyinin zəifləməsini istəyir, amma...”

Arif Əliyev:“Avropa Rusiyanın Ermənistanda hərbi əməliyyatlar keçirməsində, buradan daha bir cəbhənin açılmasında maraqlıdır”

“Qərbin məqsədi Ermənistanda və ya Azərbaycanda çiçəklənən bir dövlət yaratmaq deyil, yardımların arxasında öz maraqları var”

“Bakı Pressklub”un rəhbəri Arif Əliyev “AzPolitika.info”ya müsahibə verib. Müsahibəni təqdim edirik:

- Arif bəy, aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon Der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəklər. Rəsmi Bakı görüşün Ermənistana hərbi dəstək məqsədi ilə təşkil olunduğunu bildirir. Maraqlıdır, Ermənistan kimi kiçik, məhdud imkanları olan bir ölkə ilə belə bir görüşə niyə ehtiyac duyulub?

- Bu sualın bir cavabı var: Avropa Cənubi Qafqazda özünə möhkəm bir platforma axtarır. Məqsəd Rusiya və İrana təsir etmək, həmçinin Orta Asiyaya çıxış qazanmaqdır. Burada hansısa dini yaxınlıq, Qərbdən gələn doğmalıq hissi, erməni diasporasının təsiri kimi arqumentləri bəsit yanaşma hesab edirəm. Avropa özünün böyük maraqlarını təmin etməyə çalışır. Bu maraqlar bizə də, Ermənistanın özünə də zərbələr vura bilər. Bu prosesin içində bizim üçün böyük risklər var. Avropanın bugünkü ehtiyacları dəyişdikdə, həmçinin özünə əlavə təhlükə hiss etdikdə öz "sərhədlərinə" qayıdacaq. Məsələn, götürək qonşu Gürcüstanı. Rusiya Gürcüstana müdaxilə edən zaman Gürcüstan Prezidenti az qala Fransa rəhbərini girov götürmüşdü ki, "Siz hara aradan çıxırsınız?" Eyni proseslər burada da yarana bilər.

- Amma indiki Rusiya o zamankı Rusiya deyil...

- Bəli, Rusiya həmin Rusiya deyil. Amma onun potensialı nə qədər parçalanmış olsa da, hələ də kifayət qədər böyükdür. Rusiyanın bölgəyə təsir mexanizmləri hələ ki çoxdur.

- Rusiyanın Ermənistanla sərhədi də yoxdur..

- Bəli, ancaq Ermənistanda hərbi bazası, Azərbaycanı maraqlandırmaq imkanları var. Çünki tərəflər arasında münaqişə həll olunmayıb. Hətta 2020-ci ildəkindən daha böyük suallar var. 2020-ci ildə müharibədən sonra əmin idik ki, çox qısa zamanda qalan məsələlər də həll olunacaq. Düzdür, onlar həll olunurlar, amma indi də hər həll olunan sualın yerinə iki yeni sual çıxır. Digər tərəfdən, hələ Ukrayna cəbhəsində proseslərin necə cərayan edəcəyi məlum deyil.

- Bəs Qərblə vəziyyət necədir?

- Bizim üzümüz strateji cəhətdən Qərbədir. Biz böyük dəyərlər, iqtisadi proseslər mənasında dəyişikliyə hazırlaşırıq. Amma yaxın perspektivdə belə bir dəyişiklik görmürəm. Biz hazırda Qərbdən özümüz üçün müəyyən risklər və təhlükələr görürük. Bizim buna münasibətimiz o qədər də adekvat deyil. Biz özümüzə olan təhdidləri yumşaltmaqdan, Avropanın mövqeyində dəyişikliklərə nail olmaqdansa, əksinə, Qərblə sinə-sinəyə getməyə daha çox üstünlük veririk. Mən bunu bir qədər yanlış hesab edirəm. Bizim resurslarımız kifayət qədər az olduğundan, belə şəraitdə bu cür taktika seçmək bir qədər risklidir.

- Qərbin Ermənistana dəstəyinin bir məqsədi də Rusiyanın Cənubi Qafqazdan çıxarmaq niyyəti ilə izah olunur. Ermənistan ilə Azərbaycan arasındakı problemin həlli də bu müstəvidə gündəmə gətirilir. Yəni, faktiki anti-Rusiya cəbhəsində və ya onun qarşısında olmaq seçimi qoyulur. Belə bir şəraitdə rəsmi Bakının tutduğu mövqeyi necə qiymətləndirirsiniz?

- Azərbaycanın mövqeyini bu cəbhədən kənarda durmuş kimi qiymətləndirirəm. Fikir verin, dünyada hərbi əməliyyatların coğrafiyası hansı sürətlə böyüyür? Son üç ildə silahlanma görünməmiş tempdə artıb. Bu silahlar istehsal olunursa, təbii ki, onların tətbiq olunma teatrları olmalıdır. Biz görürük ki, Yaxın Şərqdən tutmuş, Uzaq Şərqə qədər bu proseslər nə cür genişlənir. Belə bir şəraitdə bu proseslərdən kənarda qalmamaq üçün çox böyük zəhmət və diplomatiya tələb olunur. Əlbəttə, Azərbaycan bölgədə Rusiyanın mövqeyinin zəifləməsini istəyir. Bunu üzdə görmək bəzən çətin olur. Üzdəki "niqaba" aldanaraq bir çox ekspertlər, hətta kütləvi informasiya vasitələri fərqli fikir söyləyirlər. Amma son 15 ildə bu münasibətlərin istiqaməti fərqli yerə gedir. Bir arqument də ondan ibarətdir ki, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz kiminsə maraqlarının ötürücüsü rolunda, yeni nəqliyyat koridoru kimi yox, maraqların bölgüsündə özü iştirakçı ola bilər. Buna cəhd var. Bunun üçün ilk növbədə Azərbaycan, Gürcüstan və Ermənistan arasında bölgədə vahid birlik, sülh və ümumi mövqelər yaranmalıdır. Azərbaycan ilə Gürcüstan arasında elə də böyük problemlər yoxdur. Ancaq Ermənistanla həll olunmalı məsələlər var. Ermənistana təsirin məqsədlərindən biri də budur ki, o, bu vahid birliyin yaranmasına imkan verməsin. Mən istisna etmirəm ki, Avropa Rusiyanın Ermənistanda hərbi əməliyyatlar keçirməsində, Rusiyaya qarşı buradan daha bir cəbhənin açılmasında maraqlıdır. Bu gün Avropanın özünün ciddi problemləri var - energetika, Rusiya ilə qarşıdurma, hərbi və digər bölgələrdəki problemlər. İndiki şəraitdə də, balaca Ermənistana hansısa yardım göstərmək nə böyük bir prosesə çevrilib? Ermənistanın büdcəsi bəlkə də ABŞ-nin bir şəhərinin büdcəsi belə deyil. Bunların hamısının məqsədi və istiqaməti əsasən bölgədən daha çox, Rusiyaya doğru yönəlib.

- Rəsmi Bakı Qərbin Ermənistana hərbi dəstəyinin təhlükəli olduğunu bəyan edib. Bildirilib ki, yaranacaq problemlərə görə məsuliyyəti Vaşinqton ilə Brüssel daşıyacaq. Sizcə, yaxın tarixdə eskalasiya mümkündürmü?

- 15 illlik bir dövrü götürsək, Ermənistan hərbi güc nisbətində Azərbaycana çata bilməz. Amma gəlin bu perspektivi genişləndirək. Çünki bu söhbətin tarixçəsi 15, 20, 30 il də deyil. Bu söhbətin böyük tarixçəsi var. Əgər bu gün hansısa üstünlüyü təmin eləmişiksə, bu o demək deyil ki, 50 il belə davam edəcək. Baxmaq lazımdır ki, Ermənistana olunan yardımlar hansı iqtiqamətdədir? Əvvəla, sülhlə bağlı yardımlardırsa, burada ilk növbədə paritetlik gözlənilməlidir. Hər iki tərəf sənə eyni dərəcədə etibar etməlidir. Birinə yardım edib, digərinə arxa çevirmək olmaz. ABŞ və Avropa deyir ki, bizim Ermənistanla bağlı formatımızın Azərbaycana bir aidiyyatı yoxdur. Ancaq maraqldır ki, bu güclər indiki məqamda bütün işini-gücünü atıb Ermənistanla xüsusi formatda ittifaq qurur. Hazırda Avropanın özündə də iqtisadi və sosial problemləri olan o qədər belə dövlətlər var ki… Onlarla bağlı niyə belə formatlar yaradılmır? Əlbəttə, Azərbaycanın narahatçılığı başadüşüləndir. Məlum məsələdir ki, Ermənistana verilən silahların heç də hamısı müdafiə xarakterli deyil. Ermənistanın müdafiə naziri də deyir ki, onların əsas məqsədləri yüksək texnologiyalı silahların istifadəsidir. Bu gün Hindistanın və Fransanın şirkətləri Ermənistanda hərbi müəssisələr yaradırlar. Son 3 ili götürsək, Azərabyacan hərbi sahəyə ayırdığı vəsaitlərlə Ermənsitanı özünə yaxın buraxmamağa çalışır. Bu fərqi saxlamaq olduqca vacibdir. Ehtiyat tədbirləri indidən görmək lazımdır.

- Ermənistan hakimiyyəti son vaxtlar işğalda olan 4 anklav kəndin Azərbaycana qaytarmağa hazır olduğunu iddia edir. Bu arada ilk dəfə Azərbaycan və Ermənistan spikerləri görüşdülər. Davamlı görüşlərlə bağlı razılıq əldə olunub. Belə proseslər nəyin göstəricidir?

- Ermənistan 2020-ci ildən Qarabağ problemindən tamamilə azad olmaq istəyir. Çünki Ermənistanın gələcəyini təmin etmək üçün başqa yolu yoxdir. İndi də bunu davam etdirir. Ermənistanda müharibədən bezmiş adamlar çoxdur. Ona görə də Nikol Paşinyan Rusiya təzyiqinə, müharibədəki uğurzuluqlara baxmayaraq, hələ də hakimiyyətdədir. Ancaq nəzərə almalıyıq ki, Qərb proseslərə xüsusi maraq göstərdikcə, Ermənistanın iştahı artacaq. Hadisələrin məntiqi bunu göstərir ki, bu proses başa çatsa, Qərbin Paşinyana təsiri həddən artıq böyük olacaq. Rusiyadan asılılq səviyyəsi bir növ Qərbdən asılılğa çevriləcək. Qərbin mövqeləri Ruisyadan tamamilə fərqli olsa da, öz maraqlarına xidmət edir. Qərbin məqsədi Ermənistanda və ya Azərbaycanda çiçəklənən bir dövlət yaratmaq, yardımlar göstərmək deyil. Bu yardımların arxasında öz maraqları var. Bu maraqlarda bizim maraqlarla üst-üstə düşmür. Maraqlar üst-üstə düşməyən zamanda isə Qərb çox qəddar olur…

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

"AzPolitika.info" 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar