PAŞİNYAN HAKİMİYYƏTİ ÜÇÜN BÖYÜK TƏHDİD - Daşnaksütyun partiyasının aqibəti necə olacaq?

1890-cı ildə Tbilisidə əsası qoyulan sol ultramillətçi Daşnaksütyun (Erməni İnqilabi Federasiyası - EİF) partiyası erməni siyasi tarixinin ayrılmaz bir parçasıdır. Sovet İttifaqının qurulması ilə Ermənistanda qadağan edilən partiya 1991-ci ildə ölkədəki fəaliyyətini yenidən qurub. Levon Ter-Petrosyanın prezidentliyi dövründə EİF-nin işində fasilə yaranıb (1994-1997-ci illərdə). Lakin Robert Koçaryanın hakimiyyəti ələ keçirməsindən sonra daşnaklar Ermənistanda siyasi səhnəyə qayıdıb və bugünədək fəaliyyətlərini davam etdirirlər. Halbuki, onların terror tarixi, hazırki mövqeyi və regional proseslərə mənfi təsiri nəzərə alınaraq, təşkilatın Ermənistan dövlətçiliyi və hakimiyyəti üçün təhlükə mənbəyi olması təkzib edilməzdir.

Qlobal siyasi və kriminal şəbəkə

Qlobal səviyyədə Daşnaksütyunun işini seçkili Büro, regional səviyyədə isə Mərkəzi Komitələr (MK) tənzimləyir. Mənzil qərargahı İrəvanda yerləşən Büronun 11 üzvü var ki, onlardan biri də məhv edilmiş qondarma rejimi təmsil edən və hazırda Bakıda həbsdə olan Davit İşxanyandır. Hazırda Büro ilə təşkilatın ABŞ-dəki regional MK-sı arasında ciddi ziddiyyətlər mövcuddur. EİF-nin strukturunda İrəvandakı büro siyasi güc mərkəzi sayılır. ABŞ-dəki MK isə əsas maliyyə mənbəyi olan diasporaya bağlıdır. Büronun maliyyə mənbələrini özünə tabe etmək cəhdləri hələ ki, nəticəsiz qalıb.

Daşnaksütyun sözün əsl mənasında qlobal bir şəbəkədir. Bu şəbəkə təkcə siyasi fəaliyyətlə deyil, mütəşəkkil cinayətkarlıq və hətta terrorla da məşğul olur. 1994-cü ildə Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın tələbi ilə partiyanın ölkədəki fəaliyyətinin qadağan edilməsi məhz bununla əlaqədar idi. Belə ki, Petrosyan dövründə EİF-yə tabe “Dro” təşkilatının Ermənistanda qətllər təşkil etməsi və mütəşəkkil cinayətkarlıqla məşğul olması səbəbindən qurumun 20-dən çox üzvü həbs edilib. Lakin bu, daşnakların sonrakı terror fəaliyyətinə əngəl ola bilməyib. Hələ ötən əsrin 70-80-ci illərində türkiyəli diplomatlara qarşı çoxsaylı suiqəsdlərdə yaxından iştirak etmiş EİF və onunla bağlı şəxslər 1999-cu ildə Ermənistan parlamentindəki məlum terror aktını törədiblər.

EİF Rusiyanın təzyiq aləti kimi

Daşnaksütyun kimi bir şəbəkə, heç şübhəsiz ki, ilk növbədə böyük dövlətlərin təhlükəsizlik strukturları üçün cəlbedicidir. Bu baxımdan EİF-nin Rusiyaya bağlılığı olduqca böyükdür. Təkcə müasir Ermənistan tarixinə nəzər salsaq görərik ki, daşnakların dirçəlişi Rusiyanın Ermənistandakı bir nömrəli şəxsi kimi tanınan prezident Robert Koçaryan və onun davamçısı Serj Sarqsyanın zamanında baş verib. Məhz Koçaryan EİF-nin qadağan olunmuş fəaliyyətini yenidən bərpa edib. Əvvəlcə Koçaryan, sonra isə Sarqsyanın hakimiyyəti illərində daşnaklara parlamentdə mandat və hökumətdə yüksək vəzifələr verilib. Maraqlıdır ki, Koçaryan-Sarqsyan cütlüyü EİF üçün Ermənistanda münbit şərait yaratsalar da, əvvəlki illərdə həbs edilən daşnakların bir çoxunu azad etməyiblər.

Günümüzdə Daşnaksütyunun Bürosu birmənalı şəkildə Koçaryana, dolayısı ilə Kremlə bağlıdır. Rusiya təkcə EİF-nin İrəvandakı Bürosu üzərində deyil, dünya üzrə Mərkəzi Komitələrində də böyük nüfuza və təsir gücünə malikdir. Hətta Büro ilə ixtilafda olan partiyanın ABŞ-dəki MK-sı belə Rusiyaya loyal yanaşır, Kreml əleyhinə bəyanatlar vermir. Moskva isə daşnaklardan həm Ermənistan daxilində, həm də dünya ölkələrində öz maraqlarına uyğun şəkildə istifadə edir. Yuxarıda qeyd etdiyimiz 1999-cu ildəki parlament terroru buna əyani misaldır. Hazırda isə Rusiya Ermənistanda EİF-ni baş nazir Nikol Paşinyana qarşı müxalif qüvvə kimi istismar edir.

Paşinyan üçün təhdid

2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdə daşnaklar onu dəstəkləyənlər arasında idi. Bu dəstəyin Robert Koçaryanın göstərişi ilə olduğu heş kəs üçün sirr deyildi. Keçmiş prezident özünə tabe olan qüvvələr, o cümlədən də EİF-dən istifadə etməklə hakimiyyətə şərik olmağa çalışırdı. Lakin Paşinyan Daşnaksütyunla heç bir ittifaq və ya hər hansı formada əlaqə qurmaq niyyətində deyildi. Elə həmin il keçirilən parlament seçkilərində EİF qanunverici orqanda bir mandat belə qazana bilmədi. 44 günlük müharibədəki məğlubiyyətdən sonra baş tutan seçkilərdə isə daşnaklar Koçaryanla birgə Ermənsitan İttifaqının tərkibində çıxış edərək parlamentdə yer tutmağı bacardılar.

Rəqiblərinin gücünü və təsir imkanlarını yaxşı hesablayan Paşinyan hakimiyyətə gəldikdən sonra daşnaklar və onların arxasında dayanan diasporla münasibətdə maksimum dərəcədə ehtiyatla davranmağa çalışır. EİF-nin Koçaryanla və Rusiya ilə güclü bağlara sahib olduğunu bilən baş nazir məhz bu səbəbdən Daşnaksütyunla münasibət qurmur, lazım olduqda diaspor üzvlərinin Ermənistana girişinə maneələr törədir. Başqa sözlə, Paşinyan ölkə hökumətinə rəhbərlik etdiyi ilk gündən EİF və erməni diasporunu öz hakimiyyətinə təhdid olaraq görür. Bu səbəbdən də Ermənistan baş nazirinin daşnaklarla uzlaşması imkanları ən azından yaxın perspektivdə inandırıcı deyil. Hərçənd, bu uzlaşmada maraqlı olan kifayət qədər ciddi qüvvələr var.

Fransanın daşnak kartı

EİF-nin kifayət qədər güclü olduğu ölkələrdən biri də Fransadır. Partiya Bürosunun bu ölkədə yaşayan üzvü Murad Papazyan Fransa elitası, xüsusilə Prezident Emanuel Makronla kifayət qədər yaxındır. Öz növbəsində, hazırda Ermənistanda mövqe qazanmağa çalışan Makron şəxsi dostluq münasibətləri olan Papazyandan və erməni diasporunun Fransadakı digər üzvlərindən maksimum istifadə etmək istəyir. Lakin Paşinyanın daşnaklar və diasporla olan gərgin münasibətləri Parisin bu planlarını məhdudlaşdırır. Belə olduqda, Makron Ermənistan Baş naziri ilə onun əleyhidarlarının arasını düzəltməyə cəhd edir. Bu ilin fevralında Fransa Prezidenti Papazyanı Paşinyanla görüşdürməyə nail olsa da, qeyri-rəsmi məlumatlara görə, görüş kifayət qədər gərgin keçir və tərəflər arasındakı ziddiyyətləri yumşaltmaq mükün olmur.

Aydındır ki, Makron həm hakimiyyət, həm də daşnaklarla yaxından əlaqə qurmaqla Emrənistandakı mövqelərini hər hansı bir şəxsdən və hökümətdən asılı etmək istəmir. Daşnaklar vasitəsilə Ermənistanda mövqe qazanmağa çalışan Makron Fransanın bu ölkədəki yerini müəyyən qədər Rusiyaya da qəbul etdirməyi düşünür. Eyni zamanda ehtiyac olduğu anda Fransa daşnaklar vasitəsilə Rusiya ilə komunikasiya qura biləcəyini də yaxşı başa düşür. Bu səbəblərdən Makron hər vəchlə həm Paşinyan höküməti ilə yaxınlaşır, həm də daşnaklara və Fransadakı erməni diasporuna “sarsılmaz dəstəyini” hər fürsətdə bəyan edir.

Nəticə

Beləliklə də, yuxarıda qeyd etdiklərimizi yekunlaşdırsaq, hazırda EİF Ermənistan dövlətçiliyi və hakimiyyəti üçün birbaşa təhdiddir. Belə ki:

EİF şəbəkəsinin böyük bir qismi Rusiyapərəst, digər bir qismi isə Moskvaya qarşı kifayət qədər loyaldır. Hətta təşkilatın üsyankar ABŞ qanadı belə Rusiya əleyhinə çıxışlar etmir;

Fransa Paşinyanı daşnaklarla barışdırmaq cəhdlərilə faktiki olaraq Ermənistanın daxili işlərinə qarışır. Bu, İrəvanın Parisdən asılılığını artırır. Paşinyan isə Makronun təşəbbüsünə qarşı çıxa bilmir;

Hazırda daşnakların böyük çoxluğu İrəvanın Qərblə münasibətlərini korlayır. EİF həmçinin Türkiyə ilə normallaşmaya qarşı çıxan bir qüvvə rolunu oynayır;

Rusiya, Fransa kimi ölkələrin və diasporun dəstəyi Daşnaksütyunu daha da radikallaşdırırvə partiya Ermənistanın hazırki hakimiyyətinə qarşı ən qatı müxalif qrup kimi çıxış edir;

Daşnaksütyun tarixən terroru siyasi mübarizə vasitəsi olaraq seçib və yaxın zamanlarda yenidən bu üsula əl ata biləcəyi istisna edilmir.

Sadalananları nəzərə alaraq, Paşinyanın mümkün terror aktlarını və digər cinayətləri gözləmədən, qabaqlayıcı addım kimi Ermənistanda Daşnaksütyun partiyasının fəaliyyətini qadağan etməsi daha məqsədəuyğundur. Bu addım baş nazirə bir sıra dividendlər gətirə bilər:

Rusiyanın Ermənistandakı siyasi təsirini müəyyən qədər azaltmaq;

Fransanın ölkənin daxili işlərinə qarışma cəhdlərini neytrallaşdırmaq;

Ermənistan daxilində Türkiyə ilə normallaşmaya ən çox qarşı çıxan qüvvəni aradan qaldırmaq;

Paşinyanla düşmən olan diasporla münasibətləri sıfırlamaq və ABŞ-dəki müəyyən qurumlarla daha sıx əlaqələr qurmaqla daşnakları daxildən parçalamaq.

(Cənubi Qafqaz Tədiqatlar Mərkəzi)

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar