Xəbər verildiyi kimi, Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Fransanın Müdafiə naziri Sebastyan Lekornu arasında telefon danışığı olub. Lakin tərəflərin bu danışıqların mövzusu ilə bağlı açıqlamaları bir-biri ilə ziddiyyət təşkil etdiyi üçün qalmaqala səbəb olub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi iki nazir arasında telefon danışığı zamanı “Ukrayna üzrə dialoqa hazırlığın qeyd edildiyini” bildirdiyi halda, Fransa Müdafiə Nazirliyi bunu təkzib edir. Belə ki, Fransa tərəfi Rusiyanın Ukrayna ilə bağlı dialoq aparmağa və ya mümkün sülh danışıqlarını müzakirə etməyə hazır olduqlarına dair bəyanatların yalan olduğunu bildirib.
Rusiyanın bəyanatında iddia olunur ki, yeni danışıqların başlanğıcı 2022-ci ildə Rusiya və Ukrayna tərəfləri arasında İstanbulda baş tutan və heç bir nəticə verməyən danışıqlar ola bilər və fransalı nazir də bunu Şoyqu ilə müzakirə edib.
Lakin Fransa hökumətindəki mənbə “Reuters”ə açıqlamasında bunu təkzib edib: "Bu, doğru deyil. Biz heç vaxt Ukrayna ilə bağlı dialoqa, danışıqlara və ya buna bənzər hər hansı bir şeyə hazır olduğumuzu nümayiş etdirməmişik".
Məsələ ondadır ki, Parisin təşəbbüsü ilə 2022-ci ilin oktyabrından bəri ilk dəfə keçirilən telefon danışığının fransız versiyasında müzakirələrdə İŞİD-in Moskvadakı konsert salonuna hücumundan sonra artan terror təhlükəsinin müzakirə olunduğu qeyd edilib.
Rusiyanın həmin telefon danışığı ilə bağlı bəyanatında isə Ukraynadan söz açılır və iddia olunur ki,danışıq zamanı sülhə nail olmaq üçün İsveçrədə görüşün keçirilməsi ideyasının Rusiyanın iştirakı olmadan “mənasız” olacağı bildirilib.
Xatırladaq ki, Ukrayna hakimiyyəti “Sülh sammiti”nin keçirilməsini təklif etsə də, Rusiyanın buna qatılmasının mümkünsüz olduğunu bildirib.
Fransa ilə Rusiya arasındakı münasibətlərə gəlincə, son illərdə Parisin Ukraynaya dəstəyini artırması, o cümlədən ikitərəfli təhlükəsizlik sazişinin imzalanması və daha çox uzaqmənzilli qanadlı raketlərin göndərilməsi vədi ilə bu münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib.
Həmçinin, Emmanuel Makron Rusiya Federasiyasına qarşı daha sərt mövqe tutaraq, Kremlin məğlubiyyətə uğramalı olduğunu deyib və Avropa ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib. Buna cavab olaraq Rusiya Müdafiə Nazirliyi Makronun Ukraynaya qoşun yeritmək təklifinin “Fransa üçün problem yaradacağı”, şəxsən Putin isə nüvə müharibəsi ilə hədələyib.
Belə bir şəraitdə Fransa müdafiə nazirinin Şoyquya zəng etməsi maraq doğurur. Eyni zamanda Rəsmi Parisin daim ikiüzlü siyasət yürütdüyünü və Fransanın Kremlin yaydığı məlumatı rəsmən təkzib etməməsini nəzərə alsaq, kimin yalan danışdığı sualı açıq qalır.
“AzPolitika.info”


Şərhlər
Hər ikisi yalan deyir və bunu əsil həqiqətdən diqqəti yayındırmaq üçün edirlər. Söhbətin mayasında Azərbaycan durduğu ehtimalı çox böyükdür. Yəni Fransa bizə hazırkı durumda bizə münasibətini öyrənmək istəyi ola bilər. Fransa bizə qarşı ciddi hazırlıqlar görür.....