Menu

Rusiya aerodromlarına kütləvi dron hücumu – 60-dan çox partlayış baş verib...

05.04.2024, 11:27
Rusiya aerodromlarına kütləvi dron hücumu – 60-dan çox partlayış baş verib...

Gecə və səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin beş rayonunda - Krasnodar diyarı, Rostov, Saratov, Kursk və Belqorod vilayətlərində 53 pilotsuz uçan aparatı vurub.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumata görə, 44 pilotsuz uçan aparatın vurulduğu Rostov vilayətinin Morozovski rayonundakı elektrik yarımstansiyası zədələnib. Vilayətin qubernatoru Vasili Qolubev xəbəri təsdiqləyib. Amma o, Morozovsk yaxınlığındakı hərbi aerodromdan bəhs etməyib.

Bundan əvvəl yerli teleqram kanalları dron hücumunun hədəfinin cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcılarının yerləşdiyi Morozovsk aerodromu olduğunu yazmışdı. Rəsmi qurumlar bu məlumatı təsdiqləməyib. Şahidlər çoxsaylı dronların olduğunu və 60-dan çox partlayışın baş verdiyini bildiriblər. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Cümə günü səhər saatlarında hərbi aerodromun olduğu Saratov vilayətinin “Engels” şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Regionun qubernatoru Roman Busarqinin sözlərinə görə, bütün dronlar məhv edilib. Dağıntılar nəticəsində ölən olmayıb və infrastruktura ziyan dəyməyib.

Yerli ictimaiyyət nümayəndələri isə dronların hücumuna məruz qalan aerodrom ərazisində dəfələrlə partlayışların baş verdiyini yazıb. Orada Ukraynaya hücumlar üçün istifadə olunan “Tu-95” və “Tu-22” ağır bombardmançı təyyarələri yerləşir.

Krasnodar diyarının Yeysk sakinləri bildiriblər ki, güclü partlayışlarla yanaşı, yerli aerodrom ərazisində də pulemyot atəşinin səsi eşidilib.

Ukrayna tərəfi hələlik bu hücumlara münasibət bildirməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol