Ermənistandakı qatı millətçi və revanşist qüvvələri təmsil edən sabiq baş nazir Vazgen Manukyan öz “facebook” səhifəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulinə açıq məktub yazıb.
“AzPolitika” xəbər verir ki, erməni mətbuatında dərc edilən məktubda Manukyan Rusiyanın Cənubi Qafqazda məğlub olduğunu bildirib və Moskvanı ermənilərə xəyanət etməkdə günahlandırıb: “Hörmətli Konstantin Fyodoroviç, Rusiya silahlı qüvvələrinin Qarabağdan çıxarılması “i” hərfinin üzərinə qoyulan son nöqtə oldu. Hətta Rusiyanın Ukrayna ilə problemlərini, hətta Ermənistan liderinin qeyri-adekvat insan olduğunu nəzərə alsaq belə, Rusiyanın 2020-ci ildən başlayaraq davranışı, məncə, “müttəfiqlik” anlayışlarına uyğun gəlmir.
Ukraynadakı döyüşün necə bitməsindən asılı olmayaraq, Rusiya sizin üçün daha əhəmiyyətli olan müharibəni artıq uduzub. O, bütün dünya xalqlarına öz müttəfiqliyinin “etibarlılığını” göstərir və həm bizə, həm də Rusiya üçün zərərli pantürkist hərəkatını ruhlandırır, buna yol açır. İlk domino daşı artıq düşüb.
Mən sizə ölkənizin əsl vətənpərvəri və Qarabağda baş verənlərin bütün nəticələrini anlayan Ermənistanın sadiq dostu kimi ürəyimdəki ağrı ilə yazdım”.
“AzPolitika.info”


Şərhlər