“Ukraynaya hərbi yardım haqqında qanun layihəsi Prezident Co Bayden tərəfindən imzalandıqdan sonra Ukrayna bir həftə ərzində ABŞ-dan yeni silahlar ala bilər”.
“AzPolitika” xəbər verir ki, bu barədə “Washington Post”qəzeti yazıb.
Məqalədə deyilir ki, Pentaqona Ukrayna bölmələrinə silah göndərmək üçün bir həftədən az vaxt lazım olacaq. Eyni fikri ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner də bildirib.
Bazar günü CBS telekanalına müsahibəsində o deyib ki, 300 kilometrə qədər məsafədə hədəfləri vura bilən uzaqmənzilli ATACMS raketlərinin tədarük sənədi Co Bayden tərəfindən imzalandıqdan sonra bir həftə ərzində göndəriş başlayacaq. Bunun həftənin çərşənbə axşamı və ya çərşənbə günü baş verəcəyi gözlənilir.
Amerika mətbuatının yazdığına görə, Pentaqon Ukraynaya böyük bir hərbi yardım paketini əvvəlcədən hazırlayıb.Ona görə də Prezidentin vəsaiti təsdiqləməsindən sonra Ukrayna ordusuna silah və sursatların çatdırılması bir həftədən az vaxt aparacaq.
Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60 milyard 800 milyon dollar məbləğində yardım paketini təsdiqləyib.Analitiklərin fikrincə, ATACMS uzaqmənzilli taktiki raketlər cəbhədə qüvvələr balansını dəyişə bilər.
Amerikanın “Atlantic Council” analitik mərkəzinin tədqiqatçısı Peter Dickinson bildirir ki, ATACMS Rusiya tərəfindən işğal edilmiş bütün Ukrayna bölgələrindəki hədəfləri vurmağa imkan verəcək. Digər analitiklərə görə, ATACMS xüsusilə aerodromlardakı təyyarələr, hava hücumundan müdafiə sistemləri, neft emalı zavodları və yük maşınları olan logistik mərkəzlər kimi hədəflərə qarşı effektivdir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev ona lazım olan silah sistemlərini alarsa, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə təşəbbüsü ələ keçirmək şansı var. NBC telekanalına müsahibəsində Zelenski qeyd edib ki, bu gün Ukraynanın uzaqmənzilli silahlara və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.
Ötən ilin oktyabrında Rusiya KİV-i Ukrayna ordusunun 165 kilometrə qədər mənzilli ATACMS modelini gizli şəkildə aldığını bildirmişdi. Daha sonra Rusiya hakimiyyət orqanları Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş hissəsinə raket zərbəsi endirdiyini açıqladı.
Aprelin 17-də Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımın Cankoy şəhərindəki hərbi aerodroma hücum edib. Rusiyalı hərbi bloqerlər hücumun Amerikanın ATACMS raketləri ilə həyata keçirildiyini iddia ediblər. Uzun mənzilli (300 kilometr və ya daha çox) bu cür raketlərin Ukraynaya ötürülməsi barədə məlumat verilməyib. Lakin Xerson vilayətindən 165 kilometr məsafədə olan Cankoy aerdromu ATACMS-ın zərbə zonasına düşür.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər