“Müharibə gec də olsa, 1991-ci il sərhədlərində bitəcək”
“Müharibə yalnız Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması ilə başa çata bilər. Bu, yəqin ki, uzun müddət çəkəcək”.
“AzPolitika” xəbər verir ki, bunu “BBC”-yə müsahibəsində Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri, general Kirill Budanov deyib.
Budanov jurnalistin hazırda Rusiya ilə danışıqlara başlamağın məqsədəuyğunluğu ilə bağlı sualını cavablandırmaqdan yayınıb. O, qeyd edib ki, bununla bağlı açıqlama verməyəcək. Çünki bu, Prezident Volodimir Zelenskinin səlahiyyətində olan məsələdir.
Budanov Zelenskiyə bu məsələdə məsləhət vermədiyini qeyd edərək, “bu sual qətiyyən mənə aid deyil”, deyə bildirib.
Bununla yanaşı, general yalnız 1991-ci il sərhədlərinə qayıtmaqla bu müharibəyə son qoyula biləcəyini deyib.
Bəzi hərbçilərbununla da müharibənin bitməyəcəyi qənaətindədirlər, çünki bu halda belə, Rusiya ilə nəhəng sərhədi saxlamaq lazım olacaq. Bu fikirləri şərh edən Budanov qeyd edib ki, hər şeyə rəğmən, müharibə məhz həmin sərhədlərə çıxandan sonra səngiyəcək və bitəcək: “Bununla da müharibə bitəcək. Bunun üçün müəyyən vaxt, hətta mümkündür ki, böyük vaxt gedə bilər. Bundan sonra sərhədlərdə gərgin vəziyyət olacaq. Ancaq müharibə faktiki olaraq bitəcək”.
Budanov hətta bütün bunların Rusiyada Putinin hakimiyyətdə olduğu dövrdə baş verəcəyini də istisna etməyib: “Bu, tamamilə normaldır, Rusiya bizi məhv etmək istəyir, biz isə bunu istəmirik. Ona görə də bu münaqişə daim yaranacaq, səngiyəcək, yenidən yaranacaq və s. Tariximizə baxın. Biz və Rusiya Federasiyası, Rusiya İmperiyası, Moskva çarlığı və bu kimi dövlətlər bütün ömrümüz boyu gah barışmışıq, gah da döyüşmüşük. Gələcəkdə də tarixin bu gedişatını dəyişdirə bilməyəcəyik”.
“AzPolitika.info”


Şərhlər