2023-cü ildə qlobal hərbi xərclər 2022-ci illə müqayisədə real ifadədə 6,8% artaraq 2 trilyon 443 milyard dollara çatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilir. Hesabata görə, bu, son 14 ildə ən kəskin artımdır.
SIRRI müəyyən edib ki, 2009-cu ildən bəri ilk dəfə hərbi xərclərdə ən böyük artım Avropa, Asiya, Okeaniya və Yaxın Şərqdə qeydə alınıb. Ümumi xərclər qlobal ÜDM-in iki faizindən çoxunu təşkil edib.
Bu məqsədlərə ən çox ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı töhfə verib. Onların ayırmaları qlobal hərbi xərclərin 61%-ni təşkil edirdi.
SIPRI-nin hesablamalarına görə, 2023-cü ildə Rusiyanın hərbi xərcləri 24% artaraq 109 milyard dollar təşkil edib ki, bu da Krımı ilhaq etdiyi 2014-cü illə müqayisədə 57% çoxdur. Ekspertlərin fikrincə, 2023-cü ildə Rusiyanın müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 16%-nə (ÜDM-in təxminən altı faizi) çatıb.
Ukraynadakı müharibədən dolayı 2023-cü ildə Rusiyanın hərbi xərclərinə dair məlumatlar Rusiya maliyyə orqanlarının artan qeyri-şəffaflığı səbəbindən olduqca qeyri-müəyyəndir. Nəşrin müəllifləri qeyd edirlər ki, Rusiyada büdcə vəsaitləri ilə yanaşı, hərbi sektora müəssisələr, fiziki şəxslər və təşkilatlar kimi büdcədənkənar mənbələrdən də pullar ayrılır.
Ukrayna ötən il 51% - 64 milyard 800 milyon dollara (ölkə ÜDM-nin 37%-i) artaraq hərbi xərclərə görə dünyada səkkizinci yerdədir. İl ərzində Kiyev 35 milyard dollar hərbi yardım alıb. Ümumilikdə, bu yardım və Ukraynanın özünün hərbi xərcləri Rusiyanın xərclərinin təxminən 91%-ni təşkil edib
NATO üzvü olan ölkələr arasında müdafiəyə ən çox pul xərcləyən ölkə ABŞ-dir. ABŞ-nin müdafiə büdcəsi 916 milyarda və ya NATO-ya üzv ölkələrin ümumi hərbi xərclərinin 68%-nə yüksəlib.
Avropa dövlətləri arasında 2022-2023-cü illər ərzində Polşa hərbi xərclərini ən çox - 75% artıraraq 31 milyard 600 milyon dollara çatdırıb. Bu, dünyada 14-cü ən böyük müdafiə büdcəsidir.
Çində müdafiə xərcləri 29 ildir dalbadal artıb. Ötən il Çinin hərbi büdcəsi 296 milyard dollar artıb ki, bu da əvvəlki illə müqayisədə altı faiz çoxdur.
SIPRI analitikləri Yaxın Şərqdə ümumi hərbi xərclərin 2023-cü ildə doqquz faiz artaraq 200 milyard dollara çatacağını təxmin ediblər. Bu, son on ildə regionda ən yüksək illik artım tempidir.
İsrailin müdafiə büdcəsi 24% artaraq 27 milyard dollardan çox olub.
Ekspertlər Yaxın Şərqdə hərbi xərclərin əhəmiyyətli dərəcədə artmasını HƏMAS-ın İsrailə hücumundan sonra regionda vəziyyətin gərginləşməsi və Qəzza zolağında müharibənin başlaması, eyni zamanda İran-İsrail münasibətlərinin pisləşməsi ilə əlaqələndirirlər.
SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının baş əməkdaşı Nan Tian bildirib ki, dövlətlər getdikcə qeyri-sabit olan geosiyasi və təhlükəsizlik mühitində hərbi gücə üstünlük verirlər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər