Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə gedib. Bu barədə hələ ötən həftə Kremlin yaydığı məlumatda səfərin Putinin dəvəti ilə həyata keçirildiyi qeyd olunub.“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda qeyd olunub.
“AzPolitika” xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, İlham Əliyevlə Vladimir Putinin bu il hər iki ölkədə keçirilən prezident seçkilərindən sonra ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə BAM-ın tikintisinə başlanmasının 50 illik yubileyidir.
“Kommersant” vurğulayır ki, Amur vilayətində əsas bayram tədbirləri iyulun 8-nə planlaşdırılsa da, Vladimir Putin və İlham Əliyev bu hadisəni nəzərəçarpacaq dərəcədə vaxtından əvvəl qeyd etməyi zəruri hesab ediblər. “Azərbaycanın indiki prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi vaxtilə avtomobil yolunun tikintisi ilə bağlı məsələlərə şəxsən nəzarət edirdi” - qəzet yazıb.
Məqalənin müəllifi Sergey Strokan bildirir ki, Rusiya və Azərbaycanda seçkilərdən sonra yeni siyasi dövr başlayıb: “İki lider arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurəti Cənubi Qafqazda vəziyyətin dəyişməsi ilə bağlıdır”.
Müəllifin fikrincə, bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenariləri gündəmə gətirir: “Əliyevin səfərindən əvvəl Moskva və Bakıda populyar mövzu mandatı 2025-ci ilin noyabrında başa çatmalı olan Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlaması xəbəri idi. Bu hadisə bir çox şərhlərə səbəb oldu: Rusiyada, Azərbaycanda və Ermənistanda bunun nə demək olduğu barədə fərziyyələr, müxtəlif nəzəriyyələr irəli sürdülər”.
Prezidentlər Putin və Əliyev arasında Moskvada keçirilən danışıqlar ərəfəsində böyük beynəlxalq rezonansa - BMT, ABŞ, Aİ, Türkiyə rəhbərliyinin reaksiya dalğasına səbəb olan ikinci hadisə - ötən cümə günü Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunmuş razılaşma oldu. Strokan yazır ki, Ermənistanın şimal-şərqindəki 4 kəndin Bakının nəzarətinə keçməsindən sonra sərhəd xətti müəyyənləşəcək.
Rasim Əliyev
“AzPolitika.info”




Şərhlər