“Ruslar Xarkovu ələ keçirməyə cəhd edə bilər, lakin buna nail ola bilməyəcəklər, çünki bu, böyük resurs və vaxt tələb edəcək”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko yerli mətbuata açıqlamasında deyib.
O, qeyd edib ki, Rusiya ordusu Xarkov kimi iri şəhəri tezliklə işğal etmək qabiliyyətində deyil: “Xarkovu tutmaq üçün illərlə döyüşmək lazımdır. Baxmutla Avdeyevkanın nə qədər dayandıqlarını xatırlayın. Ruslar üçün Rusiya Federasiyasının rəhbərliyini dəyişmək və planlarından əl çəkmək daha asan olar, nəinki böyük sayda əsgərini itirərək, şəhəri ələ keçirmək”.
Rusiyalıların yeni mümkün yay hücumunu şərh edən Pivnenko əmin edib ki, işğalçılar öz məqsədlərinə çatmayacaqlar: “Rusiya nə Zaporojyeni, nə də Xarkovu götürə bilməyəcək. Onlar Kiyev istiqamətində nəsə sınasalar da, bunlar nümayiş xarakterli hərəkətlər ola bilər. Ancaq gözləyirəm ki, bacardıqları yerlərdə irəliləməyə çalışacaqlar”.
Xatırladaq ki, ötən ay Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan etdi ki, Rusiyanın Xarkova hücuma hazırlığı barədə məlumatlar düşmənin “qorxu təbliğatı” kampaniyasının bir hissəsidir və reallığa uyğun deyil.
“AzPolitika.info”


Şərhlər