Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.
"AzPolitika" xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirən iki lider daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə lideri İsrail ilə ticarət əlaqələrinin gələcək taleyi ilə bağlı sualı da cavablandırıb. Belə ki, jurnalistin:“Siz tez-tez İsrailə qarşı səsinizi ucaldırsınız və onlarla sıx ticarət əlaqələrini də ayaqda saxlayırsınız” sualına Ərdoğan “O iş bitdi” şəklində cavab verib.
“İsraillə artıq intensiv ticarət əlaqələrimiz yoxdur. O iş bitdi. Bu yaxınlarda Xarici İşlər Nazirim açıqladı. Təəssüf ki, İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı hal-hazırda 45 mini keçib, yaralanların sayı 75 minə çatıb. Bu rəqəmi bir kənara qoymaq mümkün deyil. Bu yaralılar arasında bəzilərinin vəziyyəti ağırdır və müalicələri ölkəmizdə davam etdirilir. Təbii ki, aralarında uşaqlar da, qadınlar da, qocalar da var. Təəssüf ki, burada vəziyyət ağırdır. Alman dostlarımız bu mənzərəni görməlidirlər. Qəzza-Fələstin tamamilə dağıdılıb, hər yer dağıdılıb. Belə bir vəziyyətdədir. Üstəlik, İsrail və Qəzzanın hərbi gücü müqayisə oluna bilməz. Bunları görüb dəyərləndirmək lazımdır. Bu gün Qərb kimin tərəfindədir? İsrailin yanındadır”,-deyə Ərdoğan bildirib.
“AzPolitika.info”


Şərhlər