Qanunsuz miqrasiya böyük risklər mənbəyidir və Rusiyanın dağılmasına şərait yaradır.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Sankt-Peterburqda keçirilən Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin XII Beynəlxalq Müşavirəsində deyib.
Patruşevin sözlərinə görə, miqrant axını Rusiyada terror və humanitar təhlükələr yaradır.
O, Çin, İran, Braziliya və digər ölkələrin rəsmiləri və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirak etdiyi konfransın yekununda deyib ki, onlar “etno-konfessional balansı pozur və təkcə sərhədlərin dəyişdirilməsi üçün deyil, həm də ölkələrin parçalanması üçün ilkin şərtlər yaradırlar”.
Patruşev hesab edir ki, qeyri-qanuni miqrasiya həmçinin mütəşəkkil cinayətkarlıqla, silahların, narkotiklərin, insanların və insan orqanlarının ticarəti ilə sıx bağlıdır.
Qeyd edək ki, Rusiyanın rəsmi statistikasına görə, 2015-ci ildən bəri azı 3,5 milyon miqrant Rusiyanın daimi sakinlərinə çevrilib. Bu, Rusiya əhalisinin miqrasiya artımıdır və son on ildə təbii azalmanı, yəni ölümün doğuma nisbətdə artıqlığını nisbətən kompensasiya edib.
Həmçinin, gözlənilir ki, yaxın 20 ildə daha 5 milyon miqrant Rusiya Federasiyasının daimi sakinlərinə çevriləcək. Lakin hətta bu artım belə, əhalinin təbii azalmasının cəmi 40 faizini təşkil edəcək.
“AzPolitika.info”


Şərhlər