Dekabrın 3-də açıqlanmış araşdırmanın nəticəsinə görə, 18 avrozona ölkəsi yeni böhrandan çox da uzaqda deyil. Bu xəbər Avropa Mərkəzi Bankının illik yekun siyasət toplantısından 1 gün əvvəl açıqlanıb. Bu barədə “New Europe” xəbər verir.
“Markit” maliyyə informasiyası şirkəti bildirib ki, istehsal və xidmət sektoru fəallığını ölçən satınalma menecerlər indeksi (PMİ) noyabrda son 16 ayda ən aşağı səviyyəyə - 51,1%-ə düşüb. Sifarişlərin azalmasına görə indeks 51,4%-lik ilkin proqnozdan da aşağı düşüb. İndeksin iqtisadi fəallığının artıb-azalması arasındakı rəqəmin 50%-lik həddən yuxarı olması azacıq inkişafı göstərir.
“Markit” hesab edir ki, 4-cü rübdə avrozonada 0,1%-lik iqtisadi artım gözlənilir. Aşağı artımın səbəbi regionun 2 böyük iqtisadiyyatı olan Almaniya və Fransadakı ləng inkişafdır. Araşdırmaya görə, xüsusən İtaliya və İspaniyada irəliləyiş yüksək olub.
Ötən il ən uzun sürən böhrandan yeni çıxan avrozona iqtisadiyyatının inkişafı hələ sürətlənməyib. Yenə də ləng inkişaf müşahidə olunur. Ona görə də iqtisadi fəallığa təkan vermək və inflyasiyanın qiymətlərin kəskin düşməsinə səbəb olmasına mane olmaq üçün Avropa Mərkəzi Bankına təzyiq artıb.
“Markit” iqtisadçısı Kris Uilliamson xəbərdarlıq edib ki, ləng inkişaf yeni ildə iqtisadi fəallığın azalmasına səbəb ola bilər. Növbəti böhranın qarşısını almaq üçün daha aqressiv tədbirlərə və onların dərhal icrasına ehtiyac var.
İqtisadçıların az qismi Avropa Mərkəzi Bankının 4 dekabr toplantısında yeni tədbirləri açıqlayacağını düşünür. Çoxları hesab edir ki, bankın sədri Mario Draghi iqtisadi inkişafa təkan verən tədbirləri gələn ilin əvvəlində açıqlayacaq.
Aİ-nin “Eurostat” statistika agentliyi avrozonada oktyabr ayında pərakəndə satışın 0,4% artdığını bildirir. Bu isə iqtisadi fəallığın daha qeyri-qənaətbəxş göstəricilərindəndir. /eunews.az/


Şərhlər