Bu il dünyada elektriklə işləyən avtomobillərin satışı 20 faizdən çox artaraq ildə 17 milyon ədədə çata bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) açıqladığı hesabatda deyilir. Qeyd olunur ki, yaxın 10 il ərzində elektrikli maşınlara artan tələbat dünya avtomobil sənayesini yenidən quracaq və yol nəqliyyatında neftdən istifadəni önəmli dərəcədə azaldacaq.
Qurumun proqnozuna görə, batareyaları doldurma infrastrukturunun inkişafı indiki sürətini qoruyub saxlasa, 2035-ci ilədək dünyada satılan bütün avtomobillərin yarısı elektrikli olacaq. Bu il dünyada satılan hər beş avtomobildən biri elektriklidir.
Qeyd edək ki, IEA özünün elektrikli avtomobil bölgüsünə həm batareyalı elektrikli maşınları, həm də hibrid maşınları daxil edir.
Agentliyin elektrikli avtomobillərin uzunmüddətli gələcəyi ilə bağlı bu nikbin proqnozu dünyanın ən iri batareyalı elektrikli avtomobil istehsalçısı "Tesla"nın iri bazarlarda qiymətləri ucuzlaşdırmasından bir neçə gün sonraya təsadüf edir. "Tesla" bu addımı aşağı düşən satış göstəricilərini yüksəltmək, eləcə də böyüməkdə olan Çin şirkətləri və tanınmış maşın istehsalçıları ilə artan rəqabətə duruş gətirmək üçün atıb.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, elektrikli avtomobillərin yayılma sürətinin azalmasına dair neqativ xəbər başlıqları müsbət qlobal tendensiyalara uyğun gəlmir. O, ötən həftə jurnalistlərə deyib ki, məlumatlar elektrikli maşınların artımında qətiyyən geriləmə olduğunu göstərmir, əksinə, qlobal elektrikli maşın satışlarında son dərəcə güclü artımı göstərir.
CNN telekanalının bu barədə araşdırmasında isə deyilir ki, bu artımın səbəbi yalnız çinli alıcılar deyil. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, bu ilin ilk rübündə Avropa Birliyində satılan yeni batareyalı elektrikli maşınların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 faiz artıb. Belə müsbət meyllər olsa da, rəqabət artdıqca, elektrikli avtomobil istehsalçıları qiymət savaşları fonunda aşağı gəlirlərlə üzləşməli olurlar.
Son bir neçə gündə "Tesla" və Çinin "Li Auto" şirkəti Çində əsas modellərin qiymətlərini ucuzlaşdırıb. Çin dünyanın ən iri elektrikli avtomobil bazarıdır. "Tesla" Almaniya və ABŞ-da da qiymətləri aşağı salıb.
Bu ay "Tesla" dörd ilə yaxın zaman ərzində ilk dəfə illik satış səviyyəsinin aşağı düşdüyünü açıqlayıb. Bu il başlayandan şirkətin səhmləri 40 faizdən çox ucuzlaşıb. Çinin "BYD" şirkəti qısa müddətliyinə "Tesla"nı ötərək dünya bazarında lider ola bilsə də, bu ilin ilk rübündə onun da satışları xeyli azalıb. Ötən ilin son aylarında 525 mindən çox olan satış sayı bu ilin ilk rübündə 300 min civarına düşüb.
Beynəlxalq Enerji Agentliyi bildirir ki, qiymətin ucuzlaşması avtomobil istehsalçılarına zərər versə də, dünyada elektrikli avtomobildən istifadənin artması baxımından çox önəmlidir. Qurum elektrikli avtomobillərə keçid sürətinin qiymətin əlçatanlığından asılı olacağını vurğulayıb
“AzPolitika.info”


Şərhlər