Belarus Rusiyanın nüvə silahlarının saxlanıla biləcəyi yeni hərbi bazanın tikintisinə başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri məlumat yayıb.
“Maxar” şirkətinin paylaşdığı peyk görüntülərini analiz edən ABŞ nəşri sözügedən hərbi bazanın Ukrayna ilə sərhəddən təxminən 190 kilometr məsafədə - Belarusun Osipoviç şəhərində yerləşdirini bildirib. Nəşrin təxminlərinə görə, çox güman ki, həmin yerdə nüvə silahları saxlanılacaq.
Məlumatda qeyd olunur ki, hərbi baza üçqat hasarla əhatə olunub, ərazidə yeni yüksək mühafizə zonası yaradılıb. Şəkillərdə həmçinin sovet dövründən qalma yeraltı bunkerlərin əks olunduğu bildirilib. Bundan əlavə, peyk görüntüləri bazanın hava hücumundan müdafiə sistemləri ilə əhatə olunduğunu göstərir və bu sistemlər ilk dəfə 2023-cü ilin ortalarında bölgəyə gətirilib. Sentyabr ayından hava hücumundan müdafiə sistemlərindən biri bunkerdən təxminən 1,5 km aralıda yerləşən sahəyə yerləşdirilib.
“NYT” əlavə edir ki, bazanın yaxınlığında nüvə başlıqlı raketləri işə sala bilən “İskəndər” bölməsi var.
“AzPolitika.info”


Şərhlər