“Xarici agentlər” haqqında qanunun qəbulundan sonra Gürcüstanın bir dövlət kimi yaşaması təhlükə altındadır”.
“AzPolitika” xəbər verir ki, bunu ölkə Prezidenti Salome Zurabişvili Tbilisidə Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri ilə keçirdiyi mətbuat konfransında bildirib.
Gürcüstan Prezidenti bir daha təsdiqləyib ki, o, mübahisəli qanuna veto qoymaq niyyətindədir, çünki hökumət nə xalqının səsinə, nə dostlarının məsləhətinə, nə də heç kimin xəbərdarlığına qulaq asıb.
Zurabişvili bildirib ki, son həftələrdə o, paralel olaraq oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi “Avropa platforması” üzərində işləyir. “Bizim yaxşı gələcəyimiz dinc yolla seçkilərə səfərbərlikdir ki, biz bu yolda şübhəsiz ki, Vətənimizi sülh və Avropa yolu ilə idarə etmək üçün birlikdə qalib gələcəyik”, - deyə Gürcüstan Prezidenti bildirib.
On minlərlə etirazçının küçələrə çıxmasına baxmayaraq Gürcüstan hakimiyyətinin dünən təsdiqlədiyi mübahisəli qanun Tbilisinin beynəlxalq tərəfdaşları, ABŞ, Aİ, eləcə də beynəlxalq insan haqları təşkilatları tərəfindən pislənir. Qanunun qəbulundan sonra da minlərlə nümayişçi bu gün səhər saatlarından Tbilisidə etiraz aksiyalarını davam etdirir.
“AzPolitika.info”


Şərhlər