Vaxtilə ölkəmizdə ən populyar marka olan şirkət çökmək üzrədir
Azərbaycanın mobil telefon bazarının uzun illər lideri olmuş məhşur “Nokia” şirkəti bütün dünyada olduğu kimi, ölkəmizdə də mövqelərini itirməkdədir. Son dövrlərdə bu sektorda baş verənlər sözügedən şirkətin nəinki zəifləməsini, hətta Azərbaycan mobil telefon bazarından tamamilə çıxmaqda olduğunu göstərir.
Belə ki, “AzPolitika”ya daxil olan məlumata görə, “Nokia”nın Azərbaycandakı rəsmi distribyutoru olan “Mobitel” şirkəti fəaliyyətində ciddi dəyişikliyə getmək məcburiyyətində qalıb. Bizdə olan informasiyaya görə, satışları belə demək mümkünsə, minimumun da altına düşən şirkət çıxılmaz vəziyyətlə üzləşib. Satışın səviyyəsi o qədər aşağı düşüb ki, bu markanın ölkəmizdə satışı az qala dayandırılmaq üzrədir. Məsələ ondadır ki, sözügedən şirkət “Samsunq” və “Ayfon” (iPhone) kimi nəhənglərin qarşısında bütün dünyada olduğu kimi, Azərbaycanda da tab gətirə bilmir. Azərbaycan alıcısı “Nokia”ya nə qədər sadiq olsa da, yeni texnologiyalar onu istər – istəməz günün tələbləri ilə daha çox uyğunlaşan şirkətlərin məhsuluna üz tutmağa məcbur edir. Bu səbəbdən də, “Nokia” Azərbaycandakı mövqelərini demək olar tamamilə itirib.

Bizə daxil olan məlumatlara görə, artıq “Nokia”nın ənənəvi sadə modellərinin böyük hissəsi Azərbaycan bazarından yığışdırılacaq və onları “Lumia” kimi android tipli modellər əvəz edəcək. Lakin “Nokia”nın “Lumia” modelinin Azərbaycanda indiyə qədərki satışları, yumşaq desək, o qədər də ürəkaçan səviyyədə deyil. Bu səbəbdən “Mobitel”in daha çox yaşlı nəslin tələbatına uyğun olan öz sadə modellərini heç də “Samsunq” və digər nəhənglərlə mübarizədə qalib görünməyən androidlərlə əvəz etmə cəhdlərinin uğurla nəticələnəcəyini proqnozlaşdırmaq olmur. Bu üzdən “United Telekom”un bu cəhdinin “Nokia”nın əvvəlki populyarlığını Azərbaycanda bərpa edəcəyini söyləmək çətindir. Ancaq hər halda, gözləyək, görək bu cəhd nə ilə nəticələnəcək və Azərbaycan alıcısı bir vaxtlar əvəzolunmaz hesab etdiyi markanın məhsullarına yenidən bağlanacaqmı?
Tahir

Şərhlər