“İçində mən olmaq şərti ilə yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır. Deputatı xalq seçir, bu seçimdə yaşa fikir verilmir. Mən də istəyərəm ki, parlamentə gənclər gəlsin, amma onları xalq seçir. Seçici deputatın yaşına, başına, savadına baxmır. Bunu xalqdan soruşmaq lazımdır ki, 70-dən yuxarı yaşı olanları seçəcəksiniz, ya yox? Dünya təcrübəsində də belə bir şey yoxdur. Görünür, bəzi adamların qocaman deputatlardan - yaşı 70-i keçənlərdən zəhləsi gedir”.
“AzPolitika” xəbər verir ki, bunu millət vəkili Aqil Abbas son günlərin qızğın müzakirə mövzularından olan - yaşı 70-i ötmüş deputatların parlamentdə yenidən təmsil olunub-olunmayacaqları ilə bağlı xəbərə ironik reaksiyasında bildirib.
Parlament seçkilərinə sayılı günlərin qaldığı bir vaxtda adı 70-i haqlayanların siyahısına düşən Aqil Abbasın “deputatı xalq seçir və bunu xalqdan soruşmaq lazımdır” ifadəsindən yola çıxaraq, “AzPolitika”-nın “Telegram” kanalında kiçik bir sorğu keçirdik. Sualı da hörmətli millət vəkilinin dediyi formada qoyduq.
“Siz növbəti parlament seçkisində 70 yaşdan yuxarı şəxslərin deputat seçilməsini istəyirsinizmi?” başlıqlı anonim sorğu 100 nəfər arasında aparıldı.
Sorğu iştirakçılarından 83 nəfər “xeyr”, 17 nəfər isə “bəli” cavabını seçdi. Başqa sözlə, 70 yaşdan yuxarı şəxslərin deputat seçilməsini dəstəkləyənlərin nisbəti 17%, dəstəkləməyənlərin isə 83% oldu.
Məsələyə ədalətli yanaşsaq, təbii ki, 100 nəfər arasında aparılan bir sorğunun nəticəsini bütün xalqın adından təqdim emək doğru deyil. Amma nəticə etibarilə 100 nəfərdən 83-nün 70 yaşdan yuxarı şəxslərin deputatlığa namizədliyinin əleyhinə olması müəyyən mənada cəmiyyətin bu məsələyə münasibətini, daha genişmiqyaslı sorğularda çoxluğun hansı fikirdə olacağının real mənzərəsini ortaya qoyur.
Əminliklə deyə bilərik ki, bu gün sorğu mərkəzləri tərəfindən keçirilən daha əhatəli sorğunun nəticəsi də aşağı-yuxarı bu formada olacaq. Hər halda seçkilərə az bir müddət qalıb və deputatın da qeyd etdiyi kimi xalq sonda özü öz “seçimini” edəcək.
Qeyd edək ki, hazırda Milli Məclisdə 70 yaş və üzəri 21 deputat var.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər
Deputatlıq üçün yaş senzi olmamalıdır.Sadəcə deputatlığa namizədlər öz yaşaiış və iş yerləri üzrə həmin ərazidə yaşayanların yaxşı tanıdıqları.onların xalqa xidmət inandıqıarı şəxslər verilməlidir.Mövcud namizəd irəli sümə qaydaları ,secki qanununda lazımi dəyişikliklər edilməlidir.Yalnız bu zaman saxtakarlığa htiyac olmaz və seçilənlər xalqa qarşısında məsuliyyət hiss edər.
Sizin kimi detutat məllimin , neçə yaşı olmagının heç bir fərqi yoxdur!
Əsas yaş deyil,başdır.Ondan da irəli azad seçkinin olmasıdır.Təəssüf ki.bizdə indiyədək yalnız seçki tamaşaları olub.