İranın keçmiş xarici işlər naziri Məhəməəd Cavad Zərif İran Prezidentinin ölümündə ABŞ günahkar elan edib. O, bildirib ki, faciə amerikalılar helikopterlərin ehtiyat hissələrinin İrana satışını qadağan etdiyinə görə baş verib.
Mərhum İbrahim Rəisi ətən əsrin 70-ci illərinin istehsalı olan “Bell 212” helikopterindən istifadə edirdi
Politoloq Fərhad Məmmədov hesab edir ki, Zərifin bu açıqlaması ilə seçki kampaniyasına başladığını demək olar: “Mərhum prezident Rəisinin ən böyük qurbanı keçmiş xarici işlər nazirinin özüdür. Son prezident seçkilərində məhz Zərif zəifləmiş islahatçı qanaddan namizəd olmalı idi. Lakin onun danışıqlarının mətbuata sızması, eləcə də yuxarı dairələrin seçkilərdə iştirakına qadağa qoyması Zərifin namizədliyini irəli sürməsini mümkünsüz edib”.
Politoloq hesab edir ki, prezidentliyə namizədlərin seçilməsində namizədin komandasının ABŞ ilə dialoq apara bilməsi vacib rol oynayır. O, xatırladır ki, Zərifin xarici işlər naziri olduğu Ruhaninin prezidentliyi Obamanın dövrünə təsadüf edib.
“Məhz o zaman razılaşma əldə olundu və Tehranla Vaşinqton arasında münasibətlər istiləşdi”, - ekspert qeyd edib.
Fərhad Məmmədov əlavə edir ki, Trampın president seçilməsi və ABŞ-nin sazişdən birtərəfli qaydada çıxması, İrana qarşı sanksiyaların sərtləşdirilməsi Ruhaninin nüfuzuna zərbə vurdu və nəticədə daxildə radikal mühafizəkarlar qalib gəldi, sonda İbrahim Rəisi namizəd oldu.
“Daxili diskursda əsas tezis Ruhaninin ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə edə bilməməsi idi”, - o, bildirib.
Politoloq vurğulayır ki, Zərifin sözügedən açıqlamasının iki ünvanı var: “Birincisi Ali dini lider Xamaneiyədir. Mesaj ondan ibarətdir ki, Qərblə, xüsusən də ABŞ ilə münasibətlərdə gərginliyin davam etməsi belə fəlakətlərə gətirib çıxarır və bu mövqe dəyişdirilməlidir. Və ABŞ ilə bunu Zərif öz diplomatik baqajı və danışıqlar aparmaq bacarığı ilə edə bilər.
İkinci ünvan ABŞ-dir. Zərif Vaşinqtona aydın şəkildə bildirir ki, İranla qarşıdurmanın davam etməsi İranda radikal mühafizəkarların güclənməsi ilə nəticələnir və bu, prosesi yeni qarşıdurma mərhələsinə aparır”.
F.Məmmıədov Zərifin cəhdlərinin başa düşülən olduğunu deyir.
“Prezident seçkiləri iyunun sonundadır və Ali rəhbər İran vətəndaşlarının seçəcəyi prezidentliyə namizədlərin siyahısına qərar verməlidir. Yəni Zərifin prezidentliyə namizəd olması üçün ondan icazə alması lazımdır”, - o, qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər