Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib ki, Qərb MDB ölkələrində “rəngli inqilablar” üçün şərait yaratmağa çalışır.
“AzPolitika” xəbər verir ki, o, belə bir açıqlama ilə Bişkekdə Birliyə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında çıxış edib.
Kəşfiyyat xidməti rəhbərinin sözlərinə görə, Qərb mərkəzləri MDB ölkələrində vəziyyətin pisləşdiyi və kütləvi iğtişaşlar baş verəcəyi təqdirdə hakimiyyəti ələ keçirmək üçün mühacirətdə olan hökumətlər formalaşdırır. O, Qərbi daxili böhranlara şərait yaratmaqda ittiham edib.
“Bu məqsədlə təsir agentləri, nəzarət edilən müxalifət partiyaları və hərəkatları, qeyri-kommersiya təşkilatları və psevdomüstəqil mediadan istifadə olunur”, - FTX direktoru deyib.
Bortnikovun sözlərinə görə, ABŞ və Böyük Britaniya Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar adı altında MDB məkanında ticarət və maliyyə əməliyyatları üzərində total nəzarət yaratmaq istəyirlər ki, dövlətlərin iqtisadiyyatına zərbə vura bilsinlər.
“MDB ölkələrinə hərbi-siyasi və iqtisadi təzyiqlər, müdafiə sahəsində müxtəlif formatlı əməkdaşlıqların tətbiqi davam edir”, - Bortnikov vurğulayıb.
O qeyd edib ki, regional münaqişələr kənardan qızışdırılır, beynəlxalq terrorçu strukturların qidalanması üçün əlverişli şərait yaradılır.
Bu kontekstdə o, MDB-nin cənub sərhədləri yaxınlığında yeni yaraqlıların təlim düşərgələrinin yaradılmasını misal gətirib. Bortnikov bunu anqlo-saksların Mərkəzi Asiyada hər hansı şəkildə yer almaq və regiona təsir etmək cəhdlərinin nəticəsi hesab edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər