Menu

Rusiya ilə Estoniya arasında gərginlik – Müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

24.05.2024, 16:25
Rusiya ilə Estoniya arasında gərginlik – Müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Bu gün Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici işlər naziri Marqus Tsahkna açıqlama verib.

Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, mayın 23-nə keçən gecə Rusiya sərhəd xidməti Narva çayı üzərində Rusiya ilə sərhədin demarkasiyası üçün quraşdırılan işıq şamandıralarını birtərəfli qaydada yığışdırıb.

Estoniya XİN bunu Rusiyanın qonşuları ilə münasibətdə təxribatçı sərhəd hadisəsi hesab edir. Estoniya şamandıraların qaytarılmasını tələb etmək niyyətindədir.

Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin rəhbəri Egert Beliçev bildirib ki, şamandıralar sərhədi göstərmək üçün quraşdırılıb ki, çayda olan insanlar sərhədin harada olduğunu başa düşsünlər. Beliçev hesab edir ki, Rusiya sərhədçiləri şamandıraları çıxarmaqla Estoniya sərhədini pozub.

O, Estoniya sərhədçilərinin onların qarşısını almağa cəhd etməmələrinin səbəbini belə izah edib: “Dalğaların və cərəyanların şamandıraları hərəkətə gətirə biləcəyini istisna etmək olmaz, ona görə də bizim müdaxiləmiz Rusiyanın ərazisinə keçmək təhlükəsi yarada bilər. Biz risk edə bilmərik ki, birimiz birdən-birə Rusiya həbsxanasına düşək”.

Sərhəd çayında şamandıraların quraşdırılması işlərinə mayın 13-də başlanılıb. Ümumilikdə 50 şamandıra quraşdırılıb ki, bunlardan 25-i Rusiya tərəfi çıxarıb.

Estoniyanın Şərq prefekturasının sərhəd departamentinin rəhbəri Erik Purgel izah edib ki, 2022-ci ilə qədər Estoniya və Rusiya tərəfləri arasında razılığa əsasən hər yaz çayda şamandıralar quraşdırılıb. Lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra əməkdaşlıq dayanıb. Estoniya sərhədçiləri sərhəd xəttini qeyd etmək və balıqçılara və turistlərə təsadüfən Rusiya ərazisinə daxil olmamağa kömək etmək üçün birtərəfli qaydada şamandıralar quraşdırmaq qərarına gəliblər.

Rusiya hakimiyyəti Estoniya tərəfinin ittihamlarına hələlik münasibət bildirməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol