"Hazırda saytlar arasında İP uğrunda amansız mübarizə gedir. Nəticədə çox zaman peşəkarlıq arxa plana keçir. Mediada yanlış, çaşdırıcı, milli dəyərlərə zidd olan başlıqların yer alması da ilk növbədə bununla bağlıdır. Hamı bu “mübarizədən” qalib çıxmaq istəyir. Amma bu yarışmanın qalibi olmur, hamı məğlub olur. Çünki oxucunun, oxucunun timsalında isə cəmiyyətin mediaya inamı azalır".
Bu sözləri Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə "Sherg.az"a açıqlamasında deyib.
Bildirib ki, indi media əvvəlki dövrdə olduğu qədər etibarlı institut deyil: "Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasında təkcə birinci tərəf, yəni yazanlar günahkar deyil. İkinci tərəf, yəni oxucular da günahkardır. Biz öz səhvlərimizi etitaf edirik. Bəli, bəzən İP uğrunda mübarizədə peşəkarlığı arxa plana keçiririk. Hər kəs əmin olsun ki, heç bir jurnalist qeyri-ciddi yazılar yazmağa, açıq-saçıq başlıqlar qoymağa həvəsli deyil. Jurnalistləri buna “vadar” edən qüvvənin adı oxucudur. Doğrudanmı, oxucular ciddi, analitik mövzuda yazılan məqalələri oxumağa can atırlar? Şəxsən mənim buna şübhəm var. Əgər belə olmasaydı, Aygünün yanağından, Röyanın dodağından yazılan xəbərlərin baxış sayı on minlərlə ölçülməzdi. Media auditoriyanın maraq dairəsinə uyğun yazılar təqdim edir. Biz eyni vəziyyəti sosial problemlərin müzakirə olunduğu verilişlərə münasibətdə də müşahidə edirik. Hazırda ən çox baxılan verilişlər, ən çox söyülən verilişlərdir. Nə qədər ki, cəmiyyət söydüyü adamları ekran qarşısında əyləşib saatlarla izləyəcək, aldadıcı, qeyri-ciddi, açıq-saçıq başlıqları olan xəbərləri acgözlüklə oxuyacaq, yaxşılığa doğru heç nə dəyişməyəcək”.
“AzPolitika.info”


Şərhlər