Beynəlxalq Bankla bağlı yayılan maraqlı məlumat bir sıra suallar doğurmamış deyil. Məlum olub ki, səhmlərinin 50 faizi dövlətə məxsus olan bank büdcəyə dividend ödənişini dayandırıb. Bu faktı isə iqtisadçı ekspert Rövşən Ağayev üzə çıxarıb. “Facebook” səhifəsində Beynəlxalq Bankla bağlı paylaşdığı məlumatda ekspert yazır ki, səhmlərinin Beynəlxalq Bank naməlum səbəblərdən 2013-2014-cü ildə büdcəyə dividend ödənişini dayandırıb. Məlum olub ki, bank 2015-ci ildə də dövlət büdcəsinə dividend ödəməyəcək: “Dövlət büdcəsinin belə bir adda gəlir mənbəyi var: ”Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər".

2013-cü ilə qədər həmin müəssisələr sırasında Beynəlxalq Bankın da adı vardı. 2008-2012-ci illərdə böyük məbləğdə olmasa da, hər il dövlət büdcəsinə 3-5 milyon manat dividend ödəyirdi. Aydındır ki, özəl səhmdarların dividend şəklində qazancları öz ciblərinə getdiyi kimi, səhmdar rolunda sifətilə çıxış edən dövlətin də cibi büdcə olduğu üçün büdcəyə getməlidi. Bir qayda olaraq, dividend səhmdar cəmiyyətlərdə bütün məcburi öhdəliklərin icrasından sonra qalan xalis mənfəətin bölüşdürülməsi formasında yaranır. Beynəlxalq Bank naməlum səbəblərdən 2013-2014-cü illərdə büdcəyə dividend ödənişini dayandırıb, 2015-də də ödəməyəcəyi indi məlum olur".

Ekspert bildirir ki, az qala bank aktivlərinin 40 faizi, kreditlərin və əmanətlərin üçdə biri büdcəyə 1 qəpik də ödəməyən Beynəlxalq Bankın əlində cəmləşib. “Amma, məsələn, dövlətin payı 50 faiz olan başqa bir bank - Azər-Türk bank aktivlərinin həcminə görə az qala 70 dəfə Beyəlxalq Bankdan kiçik ola-ola 2015-də dövlət büdcəsinə 500 min manat dividend ödəyəcək".

Beynəlxalq Bankın belə bir addım atması nə dərəcədə düzgündür?

İqtisadçı Samir Əliyev azadlıq.info-ya bildirib ki, bank dividenti o zaman ödəyir ki, o bütün xərclərini ödədikdən sonra mənfəəti qalır. Və həmin mənfəətin taleyilə bağlı qərar bankın səhmdarlarının birgə yığıncağında verilir: “Qərar nədən ibarət ola bilər. Ya həmin mənfəət səhmdarlar arasında bölünür, ya da kapitala yönəldilir. Bizim qanunvericiliyə görə də mənfəətin kapiatala ödənilən hissəsi mənfəət vergisindən azad edilir. Indi Beynəlxalq Bankın səhmdarlarının hansı qərar qəbul etməsindən məlumatım yoxdur. Bankın səhmdarlarından biri də dövlətdir. Yəni Maliyyə Nazirliyidir. Dövlət bankda 50 faizdən çox paya sahibdir. Əgər dövlət büdcəsinə vəsaitin ödənilməməsiylə bağlı qərar qəbul olunubsa, bu, dövlətin razılığı ilə atılan addımdır. Dövlət razı olmasa, Beynəlxalq Bank bu qərarı heç zaman qəbul edə bilməz. Səhm paketi də dövlətin əlindədir. Deməli, burada məsələ Beynəlxalq Banklıq deyil”.

S.Əliyevin fikrincə, Beynəlxalq Bankın problemli kreditləri kifayət qədər yüksək olduğundan, ola bilsin, dövlət müəyyən vəsaitdən imtina etməklə bankın vəziyyətini yaxşılaşdırmaq istəyib.