Menu

Avstriyanın məşhur bankı Rusiyadakı fəaliyyətini məhdudlaşdırır

29.05.2024, 16:31
Avstriyanın məşhur bankı Rusiyadakı fəaliyyətini məhdudlaşdırır

Avstriyanın “Raiffeisen Bank International” bank qrupunun Rusiyada fəaliyyət göstərən törəməsi “Raiffeisen Bank” dollarla pul köçürmələrini qadağan edəcək, həmçinin yeni depozitlərin qəbulunu və bir sıra əmanət hesablarının açılmasını dayandıracaq.

Bankın açıqlamasında deyilir ki, belə köçürmələri həyata keçirən müxbir bankların tələblərinin dəyişdirilməsi səbəbindən ABŞ dolları ilə həyata keçirilən ödənişlər iyunun 10-dan etibarən mümkün olmayacaq. Dollarla daxil olan ödənişlərdə heç bir məhdudiyyət yoxdur. Həmçinin, qadağa digər xarici valyuta ilə köçürmələrə şamil edilmir.

İyunun 1-dən “Raiffeisen Bank” üç növ əmanət hesabının açılmasını dayandıracaq - köhnə hesablar fəaliyyətini davam etdirəcək. İyunun 3-dən bankda mövcud olan hər iki əmanət arxivə çevriləcək: onların uzadılması və yenilərinin açılması mümkün olmayacaq. Əvvəllər açılmış əmanətlər müqavilənin müddəti bitənə qədər etibarlı olacaq.

İki həftə əvvəl ABŞ Xəzinədarlığı “Raiffeisen Bank International”-a Rusiyadakı fəaliyyətinə görə onun dollar sisteminə çıxışını əngəlləyə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bankın məlumatına görə, o, Rusiya bazarını tərk etmək prosesini davam etdirir.

Keçən il “Raiffeisen” qrupu Rusiya büdcəsinə 464 milyon avro vergi ödəyib və dekabr ayından bu yana bank Rusiya bölməsinə işçi axtaran 2,5 minə yaxın elan yerləşdirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol