Avropa İttifaqı səfirlərinin mayın 29-da keçirilən iclasında Macarıstan milli azlıqların hüquqları məsələsinə görə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar layihəsinin təsdiqini əngəlləyib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Avropa məsələləri üzrə redaktoru Rikard Jozviak sosial şəbəkədə məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Aİ-nin 27 hökumətinin nümayəndələri çərşənbə günü Avropa Komissiyasının Ukrayna və Moldova üzrə danışıqlar çərçivəsi layihəsini müzakirə ediblər. Jozviak deyib ki, “Ukraynadakı milli azlıqlarla bağlı 11 məsələyə görə” Macarıstan Ukrayna ilə danışıqların başlanmasına qarşı çıxıb.
Viktor Orbanın başçılıq etdiyi ölkənin bu mövqeyi Moldovanın da Aİ yolunu çətinləşdirir. Belə ki, Aİ Ukrayna və Moldovanın təşkilata inteqrasiyasını birgə nəzərdən keçirir. Ona görə də Ukrayna ilə bağlı irəliləyiş olmasa, Moldova ilə bağlı da qərar olmayacaq.
Aİ hələ iyunun sonuna qədər Ukrayna və Moldova ilə üzvlük danışıqlarına rəsmən başlamaq niyyətindədir. Lakin bunun üçün Macarıstanın razılığı da daxil olmaqla, bütün Aİ dövlətlərinin yekdilliyi tələb olunur. Macarıstan isə buna imkan vermək fikrində deyil.
“AzPolitika.info”


Şərhlər