İşğalçı Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda ölmüş erməni əsgər Arman Muradyanın valideynləri Ermənistan məhkəməsinin məsələ ilə bağlı verdiyi qərardan şikayətçidirlər.
ANS PRESS-in məlumatına görə, Ermənistan vətəndaşı Arman Muradyan hərbi xidmət keçdiyi Dağlıq Qarabağ ərazisində intihar edib. Məhkəmə istintaqı göstərir ki, ölümündən bir neçə saat qabaq o, mayor Emil Avetisyan tərəfindən döyülüb. Avetisyan əsgəri döyüb və təhqir edib. Bir neçə saniyə sonra isə Arman Muradyan intihar edib.
Məhkəmə məsələ ilə bağlı çıxardığı qərarda mayor Emil Avetisyanın heç bir günahının olmadığını bildirir. Ölmüş əsgər Arman Muradyanın valideynləri bu iki hadisənin arasında əlaqə olduğunu qəbul etməyən məhkəmədən çox narazıdırlar. Onlar bununla bağlı bütün yuxarı instansiyalara şikayət edəcəklərini bildiriblər.
Muradyan ailəsinin əsas iradı isə Ermənistan vətəndaşı olan və Ermənistan Müdafiə Nazirliyinin xətti ilə orduya çağırılmış Arman Muradyanın işi ilə əlaqədar məhkəmənin Dağlıq Qarabağda keçirilməsi ilə bağlıdır. Ailə bildirir ki, məhkəmənin işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilməsi Ermənistan Konstitutsiyasına ziddir. Onlar bildirir ki, işğal edilmiş ərazilərdə keçirilmiş məhkəmələr barədə məlumatlar Ermənistan məhkəmə işləri barədə elektron sistemə daxil edilir, beləliklə, əsgər ölümlərinin sayı gizlədilir.


Şərhlər