Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün bildirib ki, bir sıra ölkələrin xarici işlər nazirləri hökumətlərinin xəbəri olmadan müxalifətin Tbilisidə keçirilən mitinqində iştirak edib.
“Bu, qeyri-ciddi addımdır”, - o əlavə edib.
“Xarici işlər naziri öz hökumətindən xəbərsiz Gürcüstanda müxalifətin mitinqində iştirak edirsə, bu, həmin strukturda ciddiliyin olmadığını göstərir. Lakin bu, təbii ki, onların işidir”, - Kobaxidze bildirib.
Baş nazir Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin bu yaxınlarda Tbilisidə keçirilən müxalifət mitinqində iştirakını belə şərh edib.
“Mən hamıya bildirmək istəyirəm ki, Gürcüstanda heç kim Maydan gözləməməlidir”, - Kobaxidze deyib. O, Maydanın Ukrayna üçün fəsadlarından da danışıb.
“Bundan başqa, Maydandan sonra Ukrayna hakimiyyəti iki dəfə kənardan təyin edilib və bu hakimiyyəti kim təyin edibsə, heç bir məsuliyyət daşımayıb. 2013-cü ilə qədər Ukraynanın ərazi bütövlüyü və 200 milyard dollarlıq iqtisadiyyatı var idi. Bu gün Ukrayna dağılıb və yenə heç kim buna görə məsuliyyət daşımır” - deyə, Gürcüstanın Baş naziri bildirib.
O, bəyan edib ki, Gürcüstanın inkişafı üçün məsuliyyət Gürcüstan hökumətinin üzərinə düşür.
“AzPolitika.info”


Şərhlər