Rusiya Daxili İşlər Nazirliyi teleaparıcı Tatyana Lazarevanı axtarışa verib.
“AzPolitika” xəbər verir ki, axtarışda olan vərəqə görə, Lazarevaya qarşı cinayət işi açılıb, lakin hansı maddə ilə ittiham olunduğu göstərilmir. Bu barədə ümumiyyətlə rəsmi məlumat verilməyib.
2022-ci ilin iyulunda Lazareva “xarici agentlər” reyestrinə daxil edilib. Siyahıda onun keçmiş əri, teleaparıcı Mixail Şats da var. Onların hər ikisi Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanı tərk ediblər.
2023-cü ilin iyununda Moskvanın Presnenski Məhkəməsi Lazarevanı “xarici agent” kimi təqdim etmədiyinə görə 30 min rubl cərimələyib.
Lazareva uzun illərdir ki, Vladimir Putin hakimiyyətinin açıq tənqidçisi olub. 2011-ci ilin dekabrında o, Bolotnaya meydanında keçirilən mitinqdə natiqlərdən biri kimi iştirak edib.
2014-cü ildə teleaparıcı Krımın Rusiya tərəfindən ilhaqına qarşı çıxıb. O, Konstitusiyaya dəyişiklikləri və Ukraynanın işğalını da sərt tənqid edib.
“AzPolitika.info”


Şərhlər