NATO-nun Baş katibi Yens Stoltenberq Vladimir Putinin “sülh təklifi”nə cavab verib.
"AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Stoltenberq Putinin təkliflərinin Rusiyanın öz hərbi məqsədlərinə çatması anlamını daşıdığını deyib.
Stoltenberq bu fikri NATO müdafiə nazirlərinin iclasının sonunda keçirilən yekun mətbuat konfransında səsləndirib: “Bu təklif o demək olacaq ki, Rusiya öz hərbi məqsədlərinə nail ola biləcək. Çünki ukraynalılar bu halda Rusiyanın artıq işğal etdiyi ərazilərdən daha çox ərazilərdən imtina etməli olacaqlar. Ona görə də bu, sülh təklifi deyil. Bu, daha çox təcavüz, daha çox işğal təklifidir. Bu isə onu göstərir ki, Rusiyanın məqsədi Ukraynaya nəzarət etməkdir”.
Stoltenberq əlavə edib ki, qoşunları Ukrayna deyil, Rusiya çıxarmalıdır.
Xatırladaq ki, Putin bu gün “yeni sülh təklifi”ni elan edib. Orada Ukrayna ordusunun Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin bütün ərazilərini tərk etməsi tələb olunur.
“AzPolitika.info”


Şərhlər