Qarabağdakı keçmiş qondarma rejimin son başçısı Samvel Şahramanyanın avtomobili Ermənistan hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunub.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatı Şahramanyanın maşınının qondarma qurumun İrəvandakı “nümayəndəliyi”nin qarşısından aparıldığını əks etdirən video yayımlayıb.
Bundan öncə isə binanın qarşısındakı dəmir qapı xüsusi təyinatlılar tərəfindən sındırılıb.
Jurnalistlərlə söhbətində polis müstəntiqi bildirib ki, avtomobil cinayət işi çərçivəsində götürülüb və istintaq sirri olduğu üçün maşının müsadirə olunmasının səbəbini açıqlaya bilməz.
Qeyd edək ki, iyunun 7-də polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün "nümayəndəliyə" girməyə cəhd etmişdi.
"Hraparak" nəşrinin xəbərinə görə isə Samval Şahramanyan dindirilməyə dəvət olunub.
Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
“AzPolitika.info”

Şərhlər