Menu

Ağır fəsada və ölümə səbəb olur... – Tibb professoru arıqlamaq istəyənləri xəbərdar edir

24.06.2024, 17:33
Ağır fəsada və ölümə səbəb olur... – Tibb professoru arıqlamaq istəyənləri xəbərdar edir

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev ölkədə arıqlmaq üçün kütləvi istehlak edilən müxtəlif dərman preparatlarının insan sağlamlığına vurduğu zərərdən yazıb.

“AzPolitika” mövzunun ictimai əhəmiyyətini və aktuallığını nəzərə alıb həmin məqaləni oxuculara təqdim edir:

Arıqlamaq məqsədilə nəzarətsiz dərman qəbulunun ağır fəsad və ölümə səbəb ola bilməsi məlum həqiqətdir. Odur ki, bu məqsədlə istifadə olunan dərmanların orqanizmə təsirinin bir çox qaranlıq məqamlarının işıqlandırılmasını zəruri bildim:

Əsasında, 90% nisbətində baş beyində özünənəzarət və tənqid mexaniziminin supressiyası duran kökəlmə (piylənmə), hipotalamusun ön-orta və yan nüvəsi (toxluq və aclıq mərkəzi) arasında əlaqə və tənzim mexanizminin pozulmasının nəticəsində baş verir. Bu halın mərkəzi mexanizmlərin disfunksiyası ilə bağlılığını, artıq çəkidən əziyyət çəkən şəxsə yemək yeyərkən, “çox yemə, sənə olmaz” dedikdə, daha çox yeməsi, aqressivləşməsi və sair halını, adi vizual müşahidə də bir daha təsdiq edir.

Odur ki, irsi və ya hormonal faktorla bağlı məhdud nisbətdə (~ 5%) meydana çıxan piylənmə və ya çəki artıqlığı istisna olunmaqla, effektiv müalicə, yalnız mərkəzi tənzim mexanizmlərin disbalansının farmakoloji korreksiyası istiqamətində aparılan terapiyadır. Başqa sözlə, hazırda tövsiyyə, təbliğ və istifadə olunan, sayı gündən-günə həndəsi silsiləylə artan preparatlar və qida əlavələri piylənmə və ya artıq çəkinin qarşısının alınmasında əsas müalicə vasitəsi deyildir.

Diqqət edin: arıqlamaq üçün tövsiyyə olunan preparatlar, ya anoreksigen (iştahanı azaltmaq) ya piyi əritmək və ya sorulmasının qarşısını almaq, ya işlədici ya da sidikqovucu təsir göstərməklə, bu prosesi təmin edir. Bu qruplardan olan hər bir potensial aktiv preparat təkrari və nəzarətsiz qəbulda cox ciddi fəsadlara yol aça, hətta insan ölümünə səbəb ola bilər.

Məsələn:

a) İştahanı azaldan dərmanların əsas tərkib komponenti subutramindır. Baş beyində aclığa həssas strukturları süstləşdirməklə, iştahanı azaldır və tədricən mədə həcminin kiçilməsinə səbəb olur. Fenilalkilamin (amfetamin) törəməsi olduğuna görə, ürək fəaliyyəti və ruhi sferada ciddi pozğunluq törədə, hətta psixoza səbəb ola bilər. Müalicə kursu fəsadsız başa çatsa belə, sonrakı dövrdə iştahaya nəzarat hissi aradan qalxır. Bu isə, daha güclü çəki artımına səbəb olur.

b) Piyi əridən preparatların (məs. L-Karnitin, LipoCens və s.) təsiri yağların parçalanmasının sürətlənməsilə əlaqədardır. Adi halda orqanizm artıq piyi təbii yolla kənarlaşdıraraq, yağın balans nisbətini özü tənzimləyir. Piyi əridən preparatlar isə, orqanizmə daxil olan bütün lipidləri parçalayır. Bu hal qeyri-orqanik lipolizin sürətlənməsinin nəticəsi olduğundan, periferik qanda qliserin və sərbəst yaş turşularının kəskin artımına səbəb olur. Bu da, insulinə rezistentlik, ürəyin kəskin işemik xəstəliyi, pankreatit, hətta peroksisomal pozğunluqlar kimi çox qorxulu irsi patologiyaya səbəb ola bilər.

c) Yağların mənimsənilməsinin qarşısını alan preparatlar (məsələn, Orlistat, Ksenikol və s.) digər zəruri qida maddələrinin sorulmasının da qarşısını alır. Uzunmüddətli qəbulda bu hal, orqanizmin tükənməsinə səbəb ola bilər. Qəflətən və kəskin klinik əlamətlərlə meydana çıxan tükənmə halı, adətən dərman müdaxiləsinə belə dözümlülük göstərərək, faciə ilə sona çatır.

d) Diuretiklər piy toxumasına birbaşa təsir göstərmir. Yalnız lipid hüceyrələri və toxumalardan suyu kənarlaşdırmaqla, çəkini azaldır. Bu halda, orqanizmdən minerallar (kalsium, kalium, natrium və s.) da xaric olur ki, bu da ağır nəticələrə səbəb ola bilər. Müalicə kursu uğurla başa çatsa belə, pozulmuş su balansı sürətlə bərpa olunur və xəstə müalicədən öncəki çəkisinə qayıdır.

e) Arıqlama məqsədilə istifadə olunan işlədicilər üzərində xüsusi olaraq dayanmaq istəmirəm. Çünki diareyanın törətdiyi su itkisinin həyat üçün son dərəcədə təhlükəli olması hamıya məlumdur.

ə) Sellyuloza və Kraxmal tərkiblilərin daha təhlükəsiz preparat kimi dəyərləndirilməsi də, sırf marketinq maraqlarına xidmət edir. Çünki onların qəbulu və istifadəsinə qeyri-elmi yanaşma, orqanizmdə vitamin və mineral çatışmazlığı kimi çox ciddi pozğunluğa səbəb ola bilir.

f) Bioloji aktiv qida əlavələrinə gəlincə, çəkini azaltmaq üçün istifadəyə, hazırda bu sıranın 134 nümayəndəsi tövsiyyə olunur. Bildirirəm ki, qida əlavələri dərman preparatı deyildir, onların klinik tədqiqatları aparılmamışdır. Bu səbəbdən orqanizmə müsbət və ya mənfi təsiri haqqında elmi məlumat yoxdur. Odur ki, müvafiq məqsədlə onların sərbəst və ya dərman preparatları ilə birlikdə istifadəsinə yol verilməməlidir. Təbii ki, bu maddələrin sayının fantastik dərəcədə çox olması da, yalnız və yalnız marketing maraqlarına xidmət edir.

Son illər ABŞ-də arıqlama məqsədilə 4 preparatın tövsiyyə olunduğu və bunlardan ən effektiv və təhlükəsizi semaqlytid olduğu bildirilir. Bu preparat "Yeni Dərman Statusunu" 2018-ci il fevral ayının 8-də alıb. Mərkəzi qlyukonabənzər reseptorları oyadaraq, aclıq siqnallarını süstləşdirmək, toxluq siqnallarını stimulə etməklə təsir göstərir. Siqnal impulslarının ötürülməsində solitar trakt nüvəsi həlledici rol oynadığından, istər semaqlytid, istərsə də analoqların təkrar qəbulda tənəffüs və qan damar mərkəzinə təsiri haqqında vahid protokol məlumatı olmadığı üçün (hazırda bu preparatın müvafiq mədsədlə III mərhələ klinik sınaqları davam etdirilir), onların bu məqsədlə geniş praktik istifadəsi arzuolunmaz və yolverilməzdir.

Son olaraq bildirirəm: hazırda, dünya əhalisinin 20%-dən çoxu piylənmə, 43%-ə qədəri isə çəki artıqlığı kimi ciddi xəstəlik və qəfləti ölümlərdə risk faktoru sayılan vəziyyətdən əziyyət çəkir. Odur ki, çox vaxt farmakoloji müdaxiləyə tibbi zərurət yaranır. Belə halda, dərman müdaxiləsi, piylənmə və ya çəki artıqlığının səbəbi əsas götürülməklə, mütləq şəkildə, yüksək ixtisaslı mütəxəssis həkimin tövsiyyəsi, nəzarəti və təyinatı əsasında aparılmalıdır.

“AzPolitika.info”

Şərhlər

Anar 2024-06-24 17:48:35

Hər şeyi pisləyib, bu ağıllı həkim, ancaq, deməyib ki, bəs bu insanlar necə arıqlasın? Deyir həkim qəbuluna yazılmaq laızmdır. Köhnə sovet təfəkkürü...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol