“Fransadan Ermənistana 15 ay ərzində 36 haubitsa çatacaq. Əlbəttə, “Fiqaro” qəzeti Fransa Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumatlara əsaslanıb. Təbii ki, biz bunu inkar etməyəcəyik”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin Milli müdafiə komitəsinin sədr müavini Armen Xaçatryan yerli mətbuata müsahibəsində deyib.
Xatırladaq ki, iyunun 18-də Ermənistan və Fransanın “Sezar” artilleriya sistemlərinin alınmasına dair müqavilə imzaladığı barədə məlumat yayılıb.
“Bu, dünyada ən yaxşı artilleriya vasitəsi hesab olunur və Fransa ordusunun məhz belə artilleriyası var. Onlar həmçinin dünyanın bir çox yerində müxtəlif döyüş vəziyyətlərində effektivliyini sübut ediblər. Fransa o artilleriya vasitələrini çox az ölkəyə satıb, Ermənistan Respublikası, səhv etmirəmsə, o sistemlərin onuncu alıcısıdır. Bu, kifayət qədər inkişaf etmiş bir sistemdir və təbii ki, müdafiə problemlərimizi həll etmək üçün belə sistemlərin olması bizim üçün çox vacibdir”, - deyə o bildirib.
Hakim partiyanın deputatı vurğulayıb ki, onların 50 kilometrə qədər, ən azı 40-41 kilometrə qədər dəqiq hədəfləri vurmaq qabiliyyəti var. Onun sözlərinə görə, texniki göstəriciləri ilə “Sesar” Ermənistan tərəfinin bütün tələblərinə cavab verir.
Ermənistan və Fransa ötən ilin sonunda hərbi əməkdaşlığa başlayıb. Payızda imzalanmış müqavilələrə əsasən, Paris İrəvana üç “Mistral” raketi və GM200 radarları verməyi öhdəsinə götürüb. Fransa həmçinin “Bastion” zirehli texnikasını İrəvana göndərib. Yeri gəlmişkən, onlardan beşi bu yaxınlarda hərbi təlimlərdə nümayiş etdirilib.
Deputat Xaçatryanın bu açıqlamaları Ermənistanın Fransa tərəfindən həyata keçirilən silahlandırma və revanşizmi dəstəkləmək planlarına işıq salır. Aydındır ki, bu fəaliyyətlər Paris tərəfindən müəyyənləşdirilir və Ermənistan verilən bütün əmrlərə sözsüz tabe olur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Fransanın Ermənistana sözügedən artilleriya qurğuları satmasına kəskin reaksiya verib. Nazirlik bildirib ki, Fransa Ermənistanda revanşizmi dəstəkləyir və sülh prosesinə açıq şəkildə mane olur. Azərbaycan özünə təhlükə hesab etdiyi fəaliyyətlərə qarşı adekvat tədbirlər görməkdə davam edəcək.
Fransanın bu addımını Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik də qınayıb və Parisi Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaqda ittiham edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər