İnternetdə Çeçenistan rəhbəri Ramzan Kadırovun silahlı yaraqlılarla apardığı telefon danışığının videosu yayılıb. Azpolitika.info-nun məlumatına görə, danışıq zamanı Çeçenistan prezidenti silahlı müqavimətin dayandırılmasını və dialoqa başlamağı təklif edir.
Yaraqlıların biri ilə telefonda danışan Kadırov, onu inandırmaq istəyir ki, Quranı tamamilə yalnış şəkildə anlayır. Kadırov deyir ki, ”kafir” adlandırılanlarla müharibə etmək yerinə, öz doğmalarının – ata-anasının qayğısına qalsın - əsl “böyük cihad” yolu budur.
Kadırov Qroznıda həyata keçirilən terror əleyhinə əməliyyatın gedişində onun 22 yaşlı yaxın qohumu Umar Kadırovun həlak olmasını da etiraf edib.
Kadırov Qroznıdakı terror aktının arxasında Doku Umarovun Türkiyədə gizləndiyi ehtimal olunan qardaşı Axmat Umarovun dayandığını bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Umarovun ölkəyə təhvil verilməsinə nail olmalıdırlar.
Xatırladaq ki, dekabrın 4-də bir qrup yaraqlı Qroznıda hücuma keçib. Keçirilən əməliyyat zamanı 11 yaraqlı, 14 polis işçisi qətlə yetirilib. 36 polis isə yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.
V.Nəsibov


Şərhlər