Rusiya ikinci dəfə Poltava vilayətində yerləşən Mirqorod aerodromuna hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə rusiyayönlü “Telegram” kanallarında hücum anını əks etdirən görüntülər yayılıb.
Həmin görüntüləri təhlil edən “Forbes” nəşri ukraynalıların vacib hərbi bazalarını qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə sisteminə sahib olmadığını vurğulayıb.
“Forbes” yazır ki, cəbhə xəttindən təxminən 150 kilometr məsafədə yerləşən aerodroma ikinci hücum da “İsgəndər” raketləri ilə təşkil olunub. Aerodromdakı Ukrayna ordusuna məxsus “Mi-24” helikopterinə xeyli ziyan dəydiyi bildirilib. Materialda son hücumlar nəticəsində Ukrayna ordusuna məxsus iki ədəd “Su-25” döyüş təyyarəsinin və iki ədəd “Mi-24” helikopterinin məhv edildiyi vurğulanıb.
Nəşr qeyd edib ki, bunlar Ukrayna Hərbi Hava Qüvvələri və ordu aviasiya briqadaları üçün çox ağır itkilərdir.
“Ukraynamın cəmi bir neçə ədəd MiQ təyyarəsi var. Onların ehtiyat hissələrini tapmaq isə mümkün deyil. Eyni zamanda Ukraynada 50-yə yaxın Mi-24 helikopteri var ki, onların da gələcəkdə əvəz edilməsi mümkün görünmür”,-deyə "Forbes" qeyd edib.
“AzPolitika.info”


Şərhlər