ABŞ Prezidenti Co Bayden ABC televiziyasına verdiyi müsahibədə seçki yarışından yalnız “Uca Allahın əmri ilə” geri çəkiləcəyini açıqlayıb. O, tərəfdarlarının və əleyhdarlarının yaşı, idrak qabiliyyəti və reytinqlərinin aşağı düşməsi ilə bağlı narahatlığını əsassız hesab edib.
Bayden bir həftə əvvəl ABŞ prezidentliyi uğrunda mübarizə aparan respublikaçı namizəd Donald Trampla debat zamanı zəif çıxışını soyuqluq və yorğunluqla izah edib. Teledebatda o, suallara cavab verməkdə çətinlik çəkib, nizamsız və unutqan görünüb. Buna görə də demokrat qanunvericilər də daxil olmaqla bir çoxları Baydeni ikinci prezidentlik müddətinə namizədliyindən imtina etməyə çağırır.
Prezidentə bu barədə sonuncu çağırış biznes və vətəndaş cəmiyyəti liderlərinin “demokratiya və millətin gələcəyi naminə” yenidən seçilməkdən imtina etməklə bağlı idi. Məktub müəllifləri hesab edirlər ki, Baydenin indi qazanmaqdan daha çox uduzmaq şansı var və ona Trampın iqtisadiyyat və milli təhlükəsizliyə yarada biləcəyi təhlükələri xatırladırlar.
“Məktub artıq Demokrat Partiyasının 168 nüfuzlu tərəfdarı tərəfindən imzalanıb və sənəd Ağ Evə çatdırıldıqdan sonra da imzalar gəlməkdə davam edir”, - “The Washington Pos”t qeyd edir.
Müsahibə zamanı Bayden həmçinin idrak testinə ehtiyac duymadığını və ən yaxşı testin prezident kimi gündəlik fəaliyyəti olduğunu söyləyib. O, təkid edir ki, prezident olmaq və ya prezidentlik yarışında qalib gəlmək üçün ondan daha bacarıqlı heç kim yoxdur. Bayden əlavə edib ki, 2024-cü il noyabrın 5-də keçiriləcək seçkidə uduzacağını proqnozlaşdıran sorğuların nəticələrinə inanmır.
Cümə günü səhər Prezident Bayden Viskonsin ştatının Madison şəhərində seçicilərinə deyib: "Mən bu partiyanın namizədiyəm, çünki sizin kimi milyonlarla demokrat Amerikada keçirilən praymerizlərdə mənə səs verdi. Onlar mənim namizədiniz olmağıma səs verdilər". Mitinqdə o, mübarizəni davam etdirmək əzmində olduğunu bir daha təsdiqləyib və respublikaçı namizədin 2020-ci ildə olduğu kimi yenidən məğlub olacağını bildirib.
“AzPolitika.info”


Şərhlər