Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayandan bəri bütün yazılan və yazılmayan qanunlara tüpürdüyünü dəfələrlə isbat edib. Ötən gün Kiyevdəki ən böyük uşaq xəstəxanası da daxil olmaqla ölkə üzrə bir sıra mülki və infrastruktur obyektlərinə endirilən növbəti kütləvi raket zərbəsi nəticəsində baş verən çoxsaylı insan tələfatı bir daha Kremlin qəddarlığını nümayiş etdirdi. Ancaq buna baxmayaraq, Rusiya həmişəki kimi, növbəti hərbi cinayətinə haqq qazandırmağa, tələfatlara görə günahı Ukraynanın üzərinə atmağa çalışır.
“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatına görə, Kreml Kiyevdəki “Oxmatdit” uşaq xəstəxanasına raket hücumuna haqq qazandırmağa çalışır və hətta bunun üçün genişmiqyaslı informasiya əməliyyatına başlayıb. Amma analitiklər əmindirlər ki, Rusiya bu hərbi cinayətə görə məsuliyyətdən yaxa qurtara bilməyəcək.
Hesabatda deyilir ki, Rusiya rəhbərliyi uşaq xəstəxanasının qismən və ya tamamilə hərbi obyekt olduğunu, onun “qanuni hərbi hədəfə” çevrildiyini iddia edir. Lakin “Oxmatdit” Ukraynada ildə 18 minə qədər uşağı qəbul edən ən böyük multidissiplinar uşaq xəstəxanasıdır.
Eyni zamanda, xatırladılır ki, Rusiya zamanında “Müharibə dövründə mülki şəxslərin müdafiəsi” ilə bağlı Cenevrə Konvensiyasını imzalayıb.

Həmin sənədin 19-cu bəndində qeyd olunur ki, hər hansı tibb müəssisəsi “düşmənə qarşı zərərli fəaliyyətdə deyilsə, mülki xəstəxanaların beynəlxalq hüquqi müdafiəsi qüvvədən düşmür” və buna görə hətta hərbi xəstəxana belə qanuni hərbi hədəf deyil: “Konvensiyanın 19-cu maddəsində deyilir ki, düşmən hətta “zərərli hərbi hədəf” olduğu iddia edilsə belə, xəstəxanaya hücum etməzdən əvvəl xəbərdarlıq etməlidir”.
Hesabatda deyilir ki, heç bir Rusiya orqanı belə bir xəbərdarlıq etməyib. Eyni zamanda, xəstə uşaqlarla dolu olan xəstəxananın rus qoşunları üçün qaçılmaz təhlükə yaratdığını iddia etmək ağılsızlıqdır.
Rusiyalı bəzi hərbi müxbirlər uşaq xəstəxanasının səhvən vurulduğunu qeyd edərkən, Rusiya Müdafiə Nazirliyi ümumiyyətlə, binanın Ukrayna tərəfindən vurulduğunu iddia edib.
Amerikalı mütəxəssislər hesab edirlər ki, nə Rusiya Müdafiə Nazirliyinin “Oxmatdit”in guya Ukrayna hava hücumundan müdafiə sistemi ilə vurulmasına dair açıqlaması, nə də rusiyalı hərbi müxbirlərin Rusiya raketinin təsadüfən tibb müəssisəsinə düşməsi barədə açıqlaması işğalçıları məsuliyyətdən azad etməyəcək.
ISW xatırladıb ki, Rusiya bu müharibədə təcavüzkar dövlətdir və Kreml Ukraynanı işğala qalxmasaydı, bu ölkəyə qarşı müntəzəm hücumlar etməsəydi, Ukrayna Rusiya raketlərindən müdafiə olunmağa məcbur qalmazdı.
ISW əlavə edir ki, Rusiyaya məxsus saxta informasiya əməliyyatları işğalçı qüvvələri Ukraynaya hücumların nəticələrinə görə hüquqi və ya mənəvi məsuliyyətdən azad etməyəcək.
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son raket hücumları nəticəsində 170-dən çox mülki şəxs yaralanıb, üçü uşaq olmaqla daha 37 nəfər həlak olub. Ümumilikdə 100-ə yaxın obyektə ziyan dəyib.
“Azadlıq” radiosu isə öz mənbələrinə istinadla xəbər verib ki, “Oxmatdit”i vuran Rusiya raketi məhz bu uşaq xəstəxanasına hücum etmək üçün proqramlaşdırılıb.
Bir sözlə, görünən odur ki, Rusiya sanki bütün dünyaya heç bir hüquqi və mənəvi maneə tanımadığını nümayiş etdirməyə çalışır. Öz hərbi cinayətlərinə don geyindirməyə çalışarkən isə bunu çox kobud şəkildə edir. Çünki Rusiyanı idarə edən imperiyaçı zehniyyətin işğalçı, saymaz, yekəxana mahiyyəti bundan daha ağıllı, humanist yanaşmaya imkan vermir…
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər