“43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm, bu gün artıq imza vərəqlərini götürdük və imzatoplama kampaniyasına start verdik”.
Bu sözləri “AzPolitika”-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində M.Mirəlioğlunun adını 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində müxalifət partiyalarından mandat alacaq şəxslər sırasında çəkib. KXCP seçkilərdə iştirak qərarı verib və bir sıra dairələr üzrə namizədlər siyahısını açıqlayıb.
ADP sədrinin dediklərinə münasibət bildirən M.Mirəlioğlu Sərdar Cəlaloğlunu kifayət qədər ağıllı, uzaqgörən, təcrübəli siyasətçi kimi xarakterizə edib. “Görünür, o, seçkilərlə bağlı hansısa informasiyalara malikdir, bu onun öz şərhidir, mən bu barədə heç nə deyə bilmirəm”, - partiya sədri qeyd edib.
Yeni seçkilərdə müxalifətin ümumi şanslarını dəyərləndirən KXCP sədri ötən illərin təcrübəsinə diqqət çəkib: “Müxalifət həmişə seçkilərdə güclü, qalib gələn namizədlərlə, eyni zamanda yetərli imkanlara malik olmayan namizədlərlə iştirak edib. Əlbəttə, demokratik, şəffaf seçkilərdə güclü namizədlər qalib gəlmək iqitdarında olur. İndiki halda qalib hakim gücün razılığı, xeyir-duası, dəstəyi ilə müəyyənləşir. Yarış döşəyinin üstündə hakim hansı tərəfin əlini yuxarı qaldırırsa, qalib də o olur”.
Parlament palitrasında və rəhbərliyində hansı dəyişikliklər olacağı ilə bağlı suala cavabında Mirmahmud Mirəlioğlu deyib: “Bu məsələləri sizin sual və mənim ona verəcəyim cavab həll eləmir. Ötən iki seçki göstərdi ki, necə məsləhət bilirlər, o şəkildə də müəyyənləşir. Əliağa Vahidin sözü olmasın, Məclis onun Məclisidir...”
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Adamı ağlamaq tutur ,hər şeyi bilə -bilə namizəd olmaq ,mərhəmət diləmək ? Sonra da Aqil Abbas demişkən bir gündə atamın goruna 950-dəfə söyüblər .Gedib metal qırıntısı toplamaq daha şərəfli işdir ,halal çörək qazanmaq çətin işdir .Deputat olmaq asandır
Mirmahmud bəy belə halda buna seçki deyilir?Yoxsa təyinat!Onda bu qədər məsrəf,hay küy nəyə gərəkdir?Kimi aldadırıq?