Məlum olduğu kimi, ABŞ-dəki prezident seçkiləri öncəsi hazırkı prezident Co Baydenin əleyhinə işləyən əsas məsələlərdən biri onun çox yaşlı olmasıdır.
“AzPolitika” xəbər verir ki, ABŞ prezidenti NBC-yə müsahibəsində bu məsələyə toxunub və yaşının onun üçün problemə çevrildiyini etiraf edib.
Lakin Co Bayden qoca olduğunu etiraf etməklə yanaşı, Donald Trampın ondan cəmi bir neçə yaş kiçik olduğuna diqqət çəkib və özünün seçki yarışında iştirak üçün mübarizəni davam etdirmək qərarını müdafiə edib: "Mən qocalmışam... Amma mən birincisi, Trampdan cəmi üç yaş böyükəm. İkincisi, mənim ağlımın itiliyi çox yaxşıdır”.
Bayden prezident olduğu 3,5 ildə hər hansı bir prezidentin uzun illər ərzində etdiyindən daha çox işlər gördüyünü" iddia edib: “Mən buna görə mühakimə olunmağa hazıram... İnsanların niyə “İlahi, onun 81 yaşı var” dediklərini başa düşürəm. Onların “onun 83 və ya 84 yaşı olanda nə olacaq?” sualı da qanunauyğun sualdır”.
Göründüyü kimi, Bayden bir tərəfdən artıq qoca olduğnu etiraf etsə də, prezidentlik iddiasından da geri çəkilmək istəmədiyini göstərir. Lakin eyni zamanda, bu açıqlamalarında onun sanki namizədlikdən imtina edə biləcəyinin işartıları hiss olunur...
Xatırladaq ki, iyulun əvvəlində Qərb mediası Demokratlar Partiyasının 168 nüfuzlu üzvünün Baydeni prezidentlik yarışında iştirakdan imtina etməyə və yerini başqa bir demokrata verməyə çağırdığını yazıb. Artıq bəzi demokrat senatorlar da açıq şəkildə onu namizədlikdən çəkilməyə çağırırlar. Bu məsələ Trampa qarşı uğursuz sui-qəsddən sonra daha da aktuallaşıb.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər