Menu

“Aqrar sahədə geriləmə və durğunluq var” - “Yaxşı reklam var, real və nəticəli iş isə yoxdur”

18.07.2024, 15:50
“Aqrar sahədə geriləmə və durğunluq var” - “Yaxşı reklam var, real və nəticəli iş isə yoxdur”

Bu il ümumi bahalıq fonunda kənd təsərrüfatı məhsullarının, meyvə və tərəvəzlərin “od tutub yanan” qiymətləri xüsusi nəzərə çarpır.

“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Rövşən Ağayev maraqlı paylaşım edib: “Statkom 6 aylıq iqtisadi göstəriciləri açıqlayıb. Diqqəti cəlb edən vacib məqam aqrar sektorda durğunluğun qeydə alınmasıdır.

Kənd təsərrüfatında artım faktiki olaraq dayanıb, bitkiçilik seqmentində 1,7% kiçilmə olduğu qeyd edilir. Son 5 ildə (2019-2024-cü illər) oxşar hal yalnız bir dəfə - 2022-ci ilin ilk yarısında qeydə alınmışdır.

Nəzərə almaq lazımdır ki, aqrar sahədə durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilər hesabına on minlərlə hektar sahənin fəal dövriyyəyə cəlb edildiyi dövrdə baş verir.

İqlim dəyişikliklərinin sahəyə təsiri aşkar hiss edilir. İntensiv yağıntılar, sel və dolu kütləvi şəkildə əkinləri və məhsulları məhv edib.

Amma ölkədə səmərəli və yüksək elmi potensiala əsaslanan aqrar idarəçilik də qurmaq mümkün olmayıb. Digər sahələrdə olduğu kimi burda da yaxşı reklam var, amma real və nəticəli iş yoxdur.

Aqrar sektor Azərbaycan üçün son dərəcə həssas sahədir - təkcə ərzaq təhlükəsizliyi baxımından yox. Ölkə əhalisinin ən azı üçdə birinin gəlirləri və məşğulluğu bu sahəyə bağlıdır.

Görək, statistika sektorda olan geriləmənin ölkədə yoxsulluğa və əhali gəlirlərinə neqativ təsirlərini də adekvat şəkildə qeydə alacaqmı...”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol